Siyasət

Hikmət Hacıyev: “Ermənistanda “azərbaycanlı” və “türk” sözlərinin təhqir kimi işlədilməsi erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir”

“Ermənistanda “azərbaycanlı” və ya “türk” sözü təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

O diqqətə çatdırıb ki, irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.

Hikmət Hacıyev etnik nifrət və Azərbaycanafobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb: “Faktlar öz sözünü deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm.

Ermənilər Azərbaycandan göndərilən unu götürməmək üçün dirənirlər. Mənə etnik nifrətlə bağlı sual verirsiniz. Bəs, bu nədir? Buğda ununun etnik mənsubiyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi əsas qidadır. Bəs, niyə bundan imtina edirlər?”.

H.Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın yolunun “blokadasını” soyqırım kimi xarakterizə edən hesabat dərc etməsinə də münasibət bildirib. O söyləyib ki, ədalət adından danışdığını iddia edən bu şəxsin ilk növbədə şəxsiyyəti, dürüstlüyü sual altındadır: “Beynəlxalq mediada onun qanunsuz əməlləri ilə bağlı çoxlu faktlar var. Amma bu, mənim işim deyil.

İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs soyqırım anlayışından onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edib.

Üçüncüsü, o, qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırım və hərbi cinayətlərdən danışmır? Azərbaycanın 8 şəhəri mülki əhali ilə birlikdə tamamilə dağıdılıb. Okamponun hesabatında bu fakt haradadır? 1992-ci ildə Srebrenitsadan əvvəl Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi?”.

Hikmət Hacıyevin sözlərinə görə, əsas məsələ kimin kimə qarşı soyqırım törətdiyini sual etməkdir: “Kim kimə qarşı soyqırımı törədib? Böyük sual budur. Öz torpağından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlı baxımından cavab verilməli sual budur. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button