Siyasət

Rəsmi Yerevan Zaxarovaya cavab verdi: “Çaşqınlıq və məyusluq yaradır”

Badalyan deyir ki, “Dağlıq Qarabağ” heç vaxt ərazi mübahisəsi olmayıb

Rəsmi Yerevan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Laçın dəhlizi ilə bağlı verdiyi bəyanata münasibət bildirib.

Bu barədə “Azadlıq” radiosunun erməni xidməti (“Azatutyun”) məlumat yayıb.

Zaxarova nə deyib?

Mariya Zaxarova avqustun 29-da Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi brifinqdə bildirib ki, Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın “Dağlıq Qarabağ”ı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir.

“Laçın dəhlizində yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması nəticəsində yaranıb. Bu, iki ölkə liderinin iştirakilə Avropa İttifaqının egidası altında 2022-ci ildə və 2023-cü ilin mayında keçirilmiş sammitdə təsbit olunub”, – deyə Zaxarova qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan avqustun 31-də deyib ki, Zaxarovanın bu açıqlaması rəsmi Yerevanda çaşqınlıq və məyusluq yaradıb.

Badalyan Zaxarovaya cavabında bildirib ki, Qarabağ heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb:

“Bu, mahiyyəti etibarilə həmişə “Dağlıq Qarabağ” xalqının hüquq və təhlükəsizliyi məsələsi olub və belə olaraq da qalır”.

Onun sözlərinə görə, Ermənistan “Dağlıq Qarabağ”ın statusu məsələsinin qeyri-müəyyən vaxta saxlanması ilə bağlı Rusiya layihəsini qəbul edib:

“Amma Azərbaycan bu layihəni rədd edib və Ermənistanla Qarabağa dair heç bir məsələni müzakirə etməyəcəyini bildirib. Rusiya tərəfi isə Azərbaycanın imtinasından sonra nəinki öz təklifi üzərində israr etməyib, o hətta Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı təcavüzü ilə bağlı Yerevanın yardım çağırışına biganə qalıb”.

Badalyan qeyd edib ki, Rusiya Azərbaycanın təcavüzünü iki ölkə arasında sərhədin delimitasiya olunması ilə izah edib.

O hesab edir ki, bununla da istər-istəməz Moskva Bakının təcavüzünə haqq qazandırmış olur.

Laçın dəhlizində nə baş verir?

Ermənistan 2022-ci ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

 Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən isə Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Avqustun 29-u Azərbaycan Qırmızı Aypara cəmiyyəti “Dağlıq Qarabağ”a 40 ton humanitar yardım yüklənmiş iki yük maşını göndərib.

Maşınlar rusiyalı sülhməramlıların postunadək gəlib və orada keçid üçün icazə gözləyib.

“Dağlıq Qarabağ” sakinləri Ağdamdan Xankəndiyə (Stepanakertə) gedən yolu kəsiblər.

Onlar Azərbaycandan gələn yükü buraxmayacaqlarını bəyan ediblər.

Bakı isə humanitar yardımın qəbul edilməməsini irqçilik və ayrı-seçkilik sayıb.

Fransa da hesab edir ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla Qarabağ ermənilərini blokadada saxlayır və ərazidə humanitar böhran yaşanır.

Bu məqsədlə Fransanın paytaxtı Parisdə və bir neçə digər böyük şəhərdə Qarabağda yaşayan erməni əhali üçün humanitar yardım toplanıb.

10 yük maşınından ibarət humanitar yardım konvoyu avqustun 30-u Ermənistanın paytaxtı Yerevandan Qarabağ istiqamətində yola düşüb.

Humanitar yardım konvoyuna Paris şəhərinin meri Ann İdalqo, Fransanın digər bir neçə şəhərinin meri, habelə Fransanın seçkili orqanlarının nümayəndələri qatılıb.

Münaqişənin qısa tarixi

Azərbaycanla Ermənistan arasında münaqişə 1988-ci ildən başlayıb və daha sonra müharibəyə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır və tərəflər buna görə bir-birlərini günahlandırırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button