Siyasət

Laçına qayıdan sakin: “Cənnətə gedən mələk kimiyəm”

“Anamın Laçından çıxdığı yaşda mən obama gedirəm. Çox qəribə hisslərdir. Cənnətə gedən mələk kimiyəm”.

“Report” xəbər verir ki, bunu Laçın şəhərinə qayıdan Arzu Umudova deyib.

Arzu ilə birgə Laçına qayıdan anası Gülnaz Umudova da öz təəssüratlarını bölüşüb: “Şükürlər olsun bu günə. Qardaşımın qanı yerdə qalmadı. 1 il 5 ay qaldığım evə qayıdıram. Həmin ev yenidən düzəldilib”.

Telman Mirzəyev də bu gün doğma elinə qayıdan hər bir laçınlı kimi sevincli olduğunu söyləyir: “Bizi Laçına qaytaran hər bir kəsə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yaşasın bütöv Azərbaycan!”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə – 52 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button