Siyasət

Fərid Şəfiyev: “Fransanın humanitar yardım addımı Ermənistanın başlatdığı şounun davamıdır”

“Fransa rəsmilərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndəriləcəyi ilə bağlı açıqlamaları Ermənistanın başlatdığı şounun davamıdır”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, əgər Fransa, doğrudan da, gələcəyə hesablanan siyasət həyata keçirmək və bölgədə sülhün bərqərar olmasını istəyirsə, Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq etməlidir.

F.Şəfiyevin sözlərinə görə, ancaq rəsmi Paris bunun tam əksi istiqamətində addım atır, birtərəfli şəkildə Ermənistanla, özü də bu ölkənin radikal qrupları ilə əməkdaşlıq edir.

“Humanitar yardımın göndərilməsi ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır. Ancaq belə bir addım görmürük. Ona görə də bu, bir şoudur”, – BMTM sədri söyləyib.

O hesab edir ki, hazırda əsas ciddi məsələ BMT Təhlükəsizlik Şurasında atıla biləcək addımlardır. Ona görə də Azərbaycan ayıq-sayıq olmalıdır:

“Bəli, Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi üçün üç dəfə cəhd göstərdilər, heç nəyə nail olmadılar. Amma bu o demək deyil ki, Azərbaycan arxayınlaşmalıdır. Təhlükəsizlik Şurasında növbəti təxribat ola bilər və bu ciddi məsələdir. Orada hansısa məsələnin müzakirə olunması belə ciddi məsələdir, biz mütləq şəkildə əks tədbirlər görməliyik. Fikrimcə, ən təhlükəli məqam məhz Təhlükəsizlik Şurasında Azərbaycana qarşı diplomatik addımın atılmasıdır. Burada ən pis nəticə qətnamənin qəbuludur. Hansısa bir bəyanatın verilməsi də yaxşı olmaz”.

F.Şəfiyev yaxın bir-iki ayda Azərbaycan əleyhinə hansısa bəyanatın veriləcəyini gözləmədiyini bildirib. O vurğulayıb ki, Fransa əvvəlcə bu istiqamətdə müəyyən hazırlıqlar görməlidir:

“BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu üçün doqquz ölkə Fransanı dəstəkləməli və beş daimi üzv buna etiraz etməməlidir. Ona görə də Fransa qətnamə və ya hər hansı bəyanatın qəbul olunması üçün Rusiya ilə birlikdə işləməli, ortaq mövqeyə gəlməlidir. Bu, çətin görünür, amma tam istisna etmirəm”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button