Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

“Report” xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlət başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Qeyd edilib ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button