Siyasət

Almaniyaya mühacirətə gedən Müsəlman Birliyi Hərəkatının üzvləri aksiya keçirir

Aksiyaçılar Azərbaycanda təzyiqlərin dayandırılmasını istəyirlər

Müsəlman Birliyi Hərəkatının Almaniyada mühacir həyatı yaşayan üzvləri bu ölkənin Xarici İşlər Nazirliyi qarşısında 10 günlük aksiyaya start veriblər. Aksiya avqustun 20-də başlayıb.

Bu barədə Meydan TV-yə məlumat verən təşkilatın üzvü Ələmdar Bünyadov bildirib ki, onlar 12 saylı Cəzaçəkmə Müəssisəsində Taleh Bağırzadəyə qarşı təzyiqlərin dayandırılmasını və iqtisadçı Qubad İbadoğlunun azad edilməsini tələb edirlər:

“Bilirsiniz ki, Azərbaycan məhbəslərində siyasi məhbuslara işgəncə adi hal alıb, konkret olaraq, 12 saylı Cəzaçəkmə Müəssisəsini xatırlatmaq olar. Həmçinin, Qubad İbadoğlunun azad olunmasını tələb edirik”.

O, bu həftə yazılı bəyanatlarını Almaniya Xarici İşlər Nazirliyinə təqdim edəcəklərini deyib.

Avqustun 14-də Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində onunla yaxşı münasibəti olan məhbusların işgəncəyə məruz qaldığı, əsassız cəzalandırıldığı haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Elvin Məmmədov adlı məhbus işgəncələrə etiraz olaraq, qaşıq udub.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs olunub. O, həmin hadisələrlə əlaqədar terrorçuluq, qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin ilahiyyatçı bu ittihamların hamısının saxta olduğunu bəyan edib.

O bildirib ki, siyasi sifarişlə həbs olunub, səbəb isə hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərdir. İlahiyyatçı ona verilmiş cəzanın 7 ilini qapalı həbsxana rejimində çəkib.

Taleh Bağırzadə 2022-ci ildə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button