Siyasət

“Azərbaycanda öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr yaşasınlar” – RƏY

“Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan dövlətinin qətiyyəti və ordumuzun şücaəti sayəsində bütün təxribatçı cəhdlərin qarşısı alındı və düşmənə layiqli cavab verildi:

“Elə avqustun 21-də Ermənistan istiqamətində sərhədi keçən ermənilər də məhz buna görə Azərbaycan ərazisindən çıxmağa qərar veriblər. Məlumat üçün bildirək ki, onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Düşünmək olardı ki, 2020- ci ildə 44 günülk müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan, nəhayət ki, ağıllanacaq. Amma belə olmadı. Nə Ermənistan, nə də onun yaxın-uzaq havadarları bundan dərs çıxardı. Əksinə, məhz bəlli xarici güclərin təhriki ilə həm Ermənistan, həm də Qarabağdakı erməni separatçıları təxribatçı əməllərindən əl çəkmədilər”.

Deputat sözügedən şəxslərlə bağlı vacib bir məqama da toxunub:

“Məsələ burasındadır ki, həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Göründüyü kimi, Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər keçmədi. Azərbaycanda “russkiy mir” iddiası baş tutmadı. Bu, Azərbaycanın qətiyyətinin nəticəsidir. Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər”.

Qeyd edək ki, avqustun 21-də Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən 60-dək şəxs Ermənistan istiqamətində sərhədi keçərək ölkəmizi tərk ediblər.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button