Siyasət

“Azadlıq” Radiosunun keçmiş əməkdaşları şikayətlərinin cavabsız qaldığını deyirlər

Radionun Azərbaycan Xidməti ətrafındakı narazılıq beynəlxalq mediaya çıxarılır

Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində, eləcə də yerli və beynəlxalq mediada “Azadlıq” Radiosunun keçmiş əməkdaşlarının narazılıqları müzakirə mövzusudur.

Narazılıqların Meydan TV-də işıqlandırılmasını istəyənlər arasında hazırda radioda çalışanlar da var. Onların sözlərinə görə, işdən çıxan şəxslərin səsləndirdiyi iradlara baxmayaraq, hələ də işçilərə münasibət dəyişməyib, rəhbərliyə göndərilən şikayətlərə cavab verilmir. Ona görə də yaxın günlərdə daha bir neçə nəfər radiodan ayrılmağı düşünür.

Narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirən radionun keçmiş əməkdaşları isə işçilərin bu qurumun Azərbaycan bölümünün rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bulinqə məruz qaldıqlarını bildirirlər.

Onlar bir neçə iddia səsləndiriblər. Həm Praqa, həm Bakı bürosunun əməkdaşları işdə sıxışdırıldıqlarını, haqsız yerə tənqid olunduqlarını və son nəticədə qanunsuz şəkildə, öncədən heç bir xəbərdarlıq edilmədən işdən uzaqlaşdırıldıqlarını deyirlər.

İddialardan biri də əmək haqları ilə bağlıdır. Bakıda çalışan əməkdaşlar deyir ki, maaş kartlarından mütəmadi vəsait silinib, Bakıya köçürülən pullar şəffaf olmayıb.

İddiaların biri isə yeni işə götürülən əməkdaşlarla bağlıdır. Bildirilir ki, hazırda SMM qrupunun rəhbərliyində təmsil olunan Məmmədşərif Ələkbərov Azərbaycan hakimiyyətinə bağlı telekanallarda çalışıb və müharibə təbliğatı ilə bağlı videomateriallara redaktorluq edib. Həmin şəxsin qardaşı da hazırda hakim ailəyə yaxın şəxslərdən hesab olunur.

İşçilərin narazılıqları yayımlanmağa başlayanda işə yeni cəlb olunduğu bildirilən Məmmədşərif Ələkbərov sosial media hesablarını deaktiv edib.

Bu iddialardan sonra “Azadlıq” Radiosunun Azərbaycan bölümü jurnalistikanı ləkələyən, sosial mediada yayılan əsassız iddialardan dərin narahat olduqları ilə bağlı açıqlama yayıb.

İddialardan biri də əmək haqları ilə bağlıdır. Bakıda çalışan əməkdaşlar deyir ki, maaş kartlarından mütəmadi vəsait silinib, Bakıya köçürülən pullar şəffaf olmayıb.

Həmin açıqlamada azad və ədalətli jurnalistikaya sadiq olduqları da qeyd edilib.

Bu açıqlamadan sonra radionun keçmiş əməkdaşları Ramin Deko, İslam Şıxəli, Rəvan Seyfulla, Orxan Rüstəmzadə və  Arzu Əliyeva bəyanat yayaraq radionun Azərbaycan xidmətinin bəyanatını “primitiv və iki cümləlik açıqlama” kimi xarakterizə ediblər.

Adıçəkilən əməkdaşların yaydığı birgə bəyanatda deyilir:

“Bilmək istərdik ki, bizim iddialarımız bir günə necə araşdırıldı və “əsassız” olması qənaətinə gəlindi?

Bizim Azadlıq Radiosu ilə heç bir ədavətimiz yoxdur, narazılığımız xidmətin rəhbəri İlkin Məmmədov, xətt redaktoru Vüsalə Əlibəyli və baş redaktor Zeynal Məmmədlidəndir”.

Onların sözlərinə görə, adlarını çəkdikləri idarəçilərə qarşı ciddi narazılıq hökm sürür:

İşçilərə pis rəftar edilir, onlar təhdidə və qısnamaya məruz qoyulur. Etiraz edənlərə qarşı qisasçı mövqe sərgilənir, işdən uzaqlaşdırılır və ya elə bir vəziyyətə gətirilir ki, özləri çıxıb gedirlər.

İclaslarda tez-tez əməkdaşlığımızı təsvir etmək üçün İlkin Məmmədov “Biz sizinlə bir yatağa girmişik”, “biz sizinlə nikaha girmişik” sözlərini işlədib. Bir neçə dəfə həm Praqa ofisində, həm də Bakıda çalışan əməkdaşları ağlayacaq dərəcəyə çatdırıb.

Ştatdankənar çalışan əməkdaşların bir çoxu illərdir davam edən “maliyyə pozuntularında” oyuncağa çevrilib. “Azadlıq” Radiosunun Azərbaycan xidmətində qərarverici statusa malik insanlar, radionun onlara verdiyi səlahiyyətləri şəxsi maraqları naminə qisasçılıq, tabeliyindəki insanları mənəvi və psixoloji cəhətdən əzmək, maddi maraqları üçün istifadə etmək yolu tutduqlarından bizim üçün Azərbaycandakı repressiv hakimiyyətlə bu insanlar arasında heç bir fərq qalmır”.

Radio ilə əməkdaşlıq etmiş İslam Şıxəli deyir ki, işdən çıxdıqdan sonra radionun rəhbərliyinə yazdığı şikayət məktubu cavabsız qalıb, iddiaları araşdırılmayıb. Habelə, Azərbaycan xidmətinin Praqa ofisinin əməkdaşlarının qurumun insan qaynaqlarına etdiyi şikayətlərə də əhəmiyyət verilməyib.

Bu bəyanatın məqsədi “Azadlıq” Radiosunun Azərbaycan xidmətində baş verənləri dilə gətirmək və Azərbaycanda onsuz da ürəkaçan olmayan media mühitini tamamilə sıradan çıxarmağa çalışanları hədəf almaqdır”, – işdən çıxmış bir qrup əməkdaşın fikirləridir.

Bəyanat müəllifləri radionun Azərbaycan xidmətində narazı qaldıqları bəzi nüansları qeyd ediblər:

İclaslarda tez-tez əməkdaşlığımızı təsvir etmək üçün İlkin Məmmədov “Biz sizinlə bir yatağa girmişik”, “biz sizinlə nikaha girmişik” sözlərini işlədib. Bir neçə dəfə həm Praqa ofisində, həm də Bakıda çalışan əməkdaşları ağlayacaq dərəcəyə çatdırıb.

Avadanlıq təminatı ilə bağlı hər işçiyə fərqli münasibət göstərilir. İstədikləri vaxt avadanlığı verib, istədikləri vaxt geri alırlar. İşçilərin ehtiyacı olduğunu bilib, bunu təhdid vasitəsi kimi istifadə edirlər. İşçilərə lizinq yolu ilə avadanlıq verilməsi təklif olunur, lakin ödənişin nə formada və nə qədər alınması məlum olmur.

– Bəzi işçilərə avadanlıq verərkən digərinə bunun radio qaydalarına zidd olduğu vurğulanıb.

İşçilərə rəftarla bağlı başqa media qurumlarından nümunə gətirəndə “Ora yaxşıdır? Get orda işlə!” tərzində cavab verilir.

Bütün işçilərə məzuniyyət haqqı verilmir, yalnız əsas heyətə bu ayrıcalıq təklif edilir. Lakin bu məzuniyyət haqqını yalnız rəhbərliyin göstərdiyi tarixdə istifadə etmək mümkün olur. Vaxtı seçməyə və ya dəyişdirməyə imkan verilmir. Məzuniyyət üçün ödənişin verilib-verilməməsi əməkdaşlara məlum olmur.

Radio ilə müsahiblərin arasında hər hansı problem yaranarkən redaktorlar özləri bunu həll etməkdən boyun qaçırıb, müxbiri müsahiblə üz-üzə saxlayır. Eləcə də hansısa ekspert və ya dövlət qurumu ilə problem yarananda İlkin Məmmədov bu işi ya müxbirin həll edəcəyini gözləyir, ya da “mən danışsam, dalaşacam, sonra sizə açıqlama verməsələr, günahı özünüzdə bilin” kimi cavab verir.

Biz nə qədər freelancer reportyor olsaq da, Praqa ofisində verilən qərarlarla Bakıdakı əməkdaşlara tez-tez yeni iş sistemi tətbiq olunur. Bakıda video jurnalist çalışan əməkdaşlar gah kameraman, gah reportyor kimi işlədilir. Videjurnalist bir sistemə uyğunlaşmamış yeni sistem gətirilir. Bu da əməkdaşların məhsuldarlığını aşağı salır və ya bacarıqların zəifləməsinə səbəb olur. Zaman-zaman reportyorları onlara aid olmayan texniki və təsərrüfat işlərinə cəlb edirlər. Buna köhnə ofis avadanlığının daşınması, kuryer işləri kimi məsələlər də daxildir.

Ümumilikdə problemləri dilə gətirən əməkdaşların “bacarıqsız”, “tənbəl” olduqlarını vurğulayıb radio əleyhinə qaralama kampaniyası apardıqlarını bildirirlər. Əgər bu işçilər bacarıqsız və ya tənbəl olubsa, 8-10 il necə bu qurumla əməkdaşlıq edə biliblər? Hazırlanan hər reportaja “əla alınıb” şərhi verən redaktorlar indi həmin əməkdaşları bacarıqsızlıqda suçlaya bilməz. Reallıq odur ki, rəhbərlik çox ciddi şəkildə işçiləri aşağılayıcı rəftarlarla ruhdan salmaq, psixoloji basqı və təhdid altında saxlamaqla produktivliyi minimuma endirib. Eyni zamanda problemlərin həll edilməsini tələb edən işçilərə cəza tədbirləri olaraq mövzu verilmir, onların təklif etdiyi mövzular ya keçmir, ya da işin alınmamasına nail olmaq məqsədilə mümkünsüzə bərabər tələblərlə geri qaytarılır. Praqa ofisində çalışan digər işçilərə Bakıdakı “problemli əməkdaşlar”la işləməməyi tapşırırlar.

İndi ittihamlara cavab vermək əvəzinə radionun ümumilikdə üzləşdiyi məhdudiyyətlərin arxasında gizlənməyə çalışırlar. Halbuki Bakıda çalışan və işdən ayrılan hər birimiz güc strukturları tərəfindən təzyiqə məruz qalmışıq. Döyülmüşük, saxlanılmışıq, evimizdə axtarış aparılıb, avadanlığımız əlimizdən alınıb, bölmələrdə, prokurorluqda ifadələrimiz alınıb.

Digər media qurumları ilə əməkdaşlıq etmək istəyimizə hər dəfə fərqli cavablar verilib. Bəzən “qətiyyən olmaz”, “mümkün deyil” kimi reaksiya verilirdisə, bəzən “istədiyiniz yerlə işləyə bilərsiz, amma…” kimi münasibət göstərilirdi”.

Bəyanat müəllifləri qeyd edib ki, sadaladıqları davranışlar hələ də Bakı ofisində bəzi əməkdaşlara qarşı edilir. Praqa ofisi də bir neçə dəfə menecmentdə üzləşdikləri problemlərlə bağlı rəhbərliyə şikayət edib. “İnsanlar iş yerlərini itirməmək üçün bəzən üzləşdikləri məsələlərə səssiz qalmağı seçir”, – bəyanat müəllifləri vurğulayıb.

Narazı jurnalistlərin tələbi:

1. Son 8 ildə radionun Azərbaycan Xidmətinin Bakı ofisində müstəqil maliyyə araşdırılması aparılsın və bizim iddialarımız effektiv və şəffaf şəkildə araşdırılsın;

2. Radionun Azərbaycan Xidmətinin Praqa ofisində, eləcə də Bakı ofisində keçmiş və hazırki əməkdaşlara qarşı pis rəftar, dəyər görməmə, bullinq, rəhbərliyin fəaliyyətini sorğulayanların qısnanılması və favoritizm iddiaları araşdırılsın;

3. Araşdırmalar müstəqil, effektiv və şəffaf şəkildə aparılsın və nəticəsi ictimaiyyətlə bölüşülsün.

Biz, demokratiyanın təbliğini, azad medianı özünün missiyası elan edən RFE/RL-i haqqı tapdanan jurnalistlərin haqlarını dəstəkləməyə, şikayətlərini araşdırmağa çağırırıq. ABŞ konqresi – ABŞ xalqının vergiləri hesabına maliyyələşdirdiyi radioda pulların necə xərcləndiyini, şəffaflığı sorğulamağa çağırırıq”.

Biz, bir daha Azərbaycanda və dünyadankı insan haqları qurumlarından, azad sözü, medianı müdafiə edən təşkilatlardan bizim qaldırdığımız məsələlərə diqqət yetirmələrini, radionun içərisində qalıb, hələ də hər an aşağılanmaq, təhqir olunmaq, işdən qovulmaq təhdidləri qarşısında olan jurnalist həmkarlarımızın müdafiəsi üçün əllərindən gələni etməyə çağırırıq”, – bəyanat bu cümlələrlə bitir.

“Belə faktlar və belə böhranlı vəziyyət “Azadlıq” Radiosunun rəhbərliyi tərəfindən cavabsız və ya reaksiyasız qala bilməz”.

Meydan TV baş verənlərlə bağlı “Azadlıq” Radiosunun prezidenti Jeff Gedminə, eyni zamanda, qurumun özünə sorğu ilə müraciət etsə də, suallarına cavab ala bilməyib.

İsveç mediası “Blankspod”un sorğusu da cavablanmayıb,  onlar məqaləni radionun şərhi olmadan dərc ediblər. Məqalə yayımlanandan sonra RF/RL-nin mətbuat xidmətindən həmin mediaya bildirilib ki, onlardan gələn sorğu elektron poçtun spam bölümünə düşüb.

“Blankspod” vurğulayıb ki, onların sorğusu görünəndən sonra da hər hansı cavab verilməyib.

“Azadlıq” Radiosunda çalışmış jurnalistlərin etirazına Avropa Şurasının medianı müdafiə qurumu və Avropa Jurnalistlər Federasiyası (EFJ) da reaksiya verib. Avqustun 8-də onlar “Azadlıq” Radiosundan jurnalistlərin iş şəraiti ilə bağlı cavab tələb ediblər.

Avqustun 10-da EFJ ABŞ hökumətindən insidentlə bağlı müstəqil araşdırma tələb edən başqa bir bəyanat yayıb.

Bəyanatda deyilir ki, işdən çıxarılan jurnalistlər, o cümlədən bir ay əvvəl işdən çıxarılan uzunmüddətli işçi Turxan Kərimov “Azadlıq” Radiosunun prezidentinə məktub yazaraq hadisələrin araşdırılmasını xahiş ediblər. Onlar hələ də tutarlı cavab almayıblar.

O da vurğulanıb ki, radionun keçmiş əməkdaşı Arzu Qeybulla avqustun 10-da dərc olunmuş sənədləşdirilmiş məqaləsində “yuxarı səviyyədə sistematik yanlış idarəetmə” kontekstini təsvir edib. O, “radioda hökm sürən zəhərli və qeyri-funksional mühit” haqqında danışıb.

“Mənim sualım ondan ibarətdir ki, biz həqiqətən radionun idarəçiliyində dəyişikliklər görəcəyik, yoxsa hər zamankı kimi iş olacaq – necə ki, avtokratik rejimlərdə tez-tez baş verdiyini görürük, burada liderlər öz xalqına etdikləri ilə üz-üzə qalırlar. Azadlıq Radiosu bunun fərqli olduğunu sübut edəcəkmi? İndiki məqamda nəsə demək çətindir”, – jurnalist yazır.

EFJ-nin Baş katibi Rikardo Qutierrez israr edir ki, “Belə faktlar və belə böhranlı vəziyyət “Azadlıq” Radiosunun rəhbərliyi tərəfindən cavabsız və ya reaksiyasız qala bilməz”.

 “Mətbuatın etibarlılığı təhlükə altındadır. Biz radiostansiyanın rəhbərliyinə tam aydınlıq gətirməyə və haqsız yerə işdən çıxarılan və ya istefa verməyə məcbur edilən jurnalistlərin bərpasına çağırırıq”, – Rikardo Qutierrez deyib.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də radioda baş verənlərlə bağlı bəyanat yayıb.

Həmin bəyanatda Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə bağlı iddiaların şəffaf araşdırılmasına çağırış edilir.

Xüsusi qeyd:
“Azadlıq” Radiosu 1949-cu ildə ABŞ hökuməti tərəfindən yaradılıb. Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub.
Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib. İllik büdcəsi təxminən 124 000 000 ABŞ dollarını ötən (2021) “Azadlıq” Radiosu 23 ölkədə, 27 müxtəlif dildə çıxır.
“Azadlıq” Radiosu Azərbaycanda sayı az olan müstəqil xəbər  saytlarından hesab edilir.
2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub.
Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilib, dindirilib. Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.
“Azadlıq” Radiosunun saytında mətbuatın etik kodeksi yerləşdirilib. Burada bildirilir ki, fəaliyyət göstərdikləri dövlətlərdə tamamilə müstəqildirlər və ədalətsizliyə qarşıdırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button