Siyasət

“Azərbaycan xalqı və dünya birliyilə qarşıdurmanı dərinləşdirmək çıxış yolu deyil”

AXCP sədri Əli Kərimli

Aydındır ki, İlham Əliyev belə reaksiya gözləmirmiş. Qubad İbadoğlunun həbsi rejim üçün ciddi beynəlxalq başağrısına çevrilməkdədir.

ABŞ-ın dünyaca məşhur Vaşinqton Post qəzeti bir həftədə ikinci məqaləsində Qubad İbadoğluya azadlıq tələb edib, Azərbaycandakı kleptokratiyanın, oğru hakimiyyətin xalqımıza divan tutmasından yazıb (məqalə şərh bölümündə). Qubad bəylə yanaşı ölkəmizdəki digər siyasi məhbusların da azad edilməsinə çağırıb.

Vaşinqton Postdakı bu dəfəki məqalənin müəllifi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1993-1997-ci illər) Riçard Kozlariçdir.

Riçard Kozlariç ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri arasında mənim fikrimcə, insan hüquqlarına sədaqəti ilə fərqlənən ən idealist səfirdir. 1994-cü ildə Əliyev hakimiyyəti məni 10 sentyabr mitinqində saxlayıb, o məşhur qumbara ilə həbs edən vaxt ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariç idi. Mənim ozamankı həbsimə cənab səfirin prinspial mövqeyini hələ də hörmətlə xatırlayıram. Səfir Kozlariç Bakını tərk etdikdən sonra da Azərbaycanı unutmayıb. Əliyev rejiminin irticasının daha da gücləndiyi bütün zamanlarda səfir Kozlariç başqa diplomatlara da nümunə olacaq prinspial mövqeyini ifadə edib. Səfir Kozlariç bu dəfə də öz prinspial mövqeyini ifadə etməkdə ləngimədi. Vaşinqton Postda dərc olunmuş “Kleptokratiya geri dönür” adlı yazısında Qubad İbadoğlunun qanunsuz həbsinə və həbsdə saxlanılmasına görə məsuliyyət daşıyan Azərbaycan məmurlarına qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb.
Səfir Kozlariç Vaşinqton postdakı məqaləsində ölkəmizdəki repressiv rejimi obyektiv təsvir edərək yazır: “Bu hadisə (Qubad İbadoğlunun həbsi) Azərbaycanı idarə edən avtokratik kleptokratiyanı tənqid etmək kimi əsas hüququnu ifadə edən hər kəsə qarşı onilliklər boyu davam edən təzyiq modelinin bir hissəsidir.” Cənab səfir Azərbaycandakı repressiyaları belə təsvir edir: “Siyasi opponentlərə qarşı “cinayətlər” (bu halda valyuta saxtakarlığı) icad etmək; “cinayətkarı” zorla həbs etmək; günahsız ailə üzvlərini təhqir etmək və qorxutmaq; hüquqi təmsilçilikdən və əlaqədən imtina etmək; təqsirləndirilən şəxsləri işgəncə də daxil olmaqla, dəhşətli həbsxana şəraitində saxlamaq”.

Azərbaycan hakimiyyəti başa düşməlidir ki, repressiyaları davam etdirmək və bununla da Azərbaycan xalqı və dünya birliyilə qarşıdurmanı dərinləşdirmək çıxış yolu deyil. Bu aqressiv və səhv siyasət rejimin özünə də yaxşı şeylər vəd etmir. Qubad İbadoğlu və digər siyasi məhbusları ləngimədən azad etmək lazımdır.

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button