Siyasət

Həbsdəki fəalın səhhətinin kəskin pisləşdiyi bildirilir

Həyat yoldaşı: “Samir Aşurov həm ürək xəstəliyindən, həm də şəkərli diabetdən əziyyət çəkir”

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun səhhətinin kəskin pisləşdiyi bildirilir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

Onun sözlərinə görə, Samir Aşurov həm ürək xəstəliyindən, həm də şəkərli diabetdən əziyyət çəkir:

“Onunla avqustun 9-da danışanda məlum oldu ki, şəkərdən həm ayağında yara əmələ gəlib, həm də ürək döyüntüləri artıb. Təcridxananın həkimləri onun vəziyyətinin ağırlaşdığını görüb, qan analizi götürüblər. Analizin nəticəsini bilmirəm. Növbəti telefon danışığımızda yəqin ki, bu barədə məlumat verər”.

Nuranə Aşurova deyir ki, həyat yoldaşı həbsindən öncə – hələ Almaniyada olanda həm şəkər, həm də ürək xəstəliyindən əziyyət çəkirdi.

O deyib ki, bunu təsdiqləyən tibbi sənədlər də var: “Hətta bununla əlaqədar bizi daha geniş, havası daha yaxşı olan bir yerə köçürmüşdülər”.

Aşurova hesab edir ki, təcridxanada – qapalı şəraitdə saxlanması həyat yoldaşının sağlıq durumunun pisləşməsinə səbəb olub.

Ürək xəstəsinə qapalı şəraitdə, qapalı yerdə qalmaq olmaz. Özü də belə isti havalarda. O adam gəzməlidir, hava almalıdır. Şəkəri qalxır…”, – Nuranə Aşurova vurğulayıb.

O əlavə edib ki, Samir Aşurovun durumunun diqqətdə saxlanması üçün hüquq müdafiəçilərinə müraciət edib.

Nuranə Aşurovanın dediklərinə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

İttihama əsasən, o, 2022-ci il aprelin 19-da Nizami rayonu ərazisində – metronun “Neftçilər” stansiyasının yaxınlığında səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb.

Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

Samir Aşurov bildirib ki, ittihamda yazılanlar başdan-ayağa yalandır, ona böhtan atırlar.

Onun sözlərinə görə, üstündə, ümumiyyətlə, bıçaq olmayıb. Həbsi isə siyasi fəaliyyətinə görə əvvəldən cızılmış ssenari üzrə həyata keçirilib:

Məndən əvvəl Almaniyadan qaytarılanları narkotik ittihamıyla şərləyib tuturdular. Bu tendensiyanı görüb, özümlə bağlı təhlükəni bilirdim. Maştağa qəsəbəsində həyət evim var. Düşündüm ki, məni rahatlıqla şərləyə bilməsinlər. Ona görə ailəmi götürüb, “Neftçilər”də bina evində kirayə qalmağa başladım…”.

Hadisə gününə gəlincə, Samir Aşurov danışıb ki, metrodan çıxıb, evə tərəf gələndə hazırda zərərçəkmiş qismində tanınan şəxs də üzbəüz gəlirdi.

Onun sözlərinə görə, çatmağa bir addım qalmış Elşən Nəbiyev qışqırmağa başlayıb:

Qışqırdı, əl-qol atdı. Kənardan bir neçə nəfər dərhal gələndə başa düşdüm ki, təxribatdı. Bir neçə il Almaniyada yaşamışdım, orada polisin vətəndaşın köməyinə çatması, insanlara yardım etməsi yadımda qalmışdı deyə, mən də dərhal “polis, polis” qışqırdım. Onlar da gəldi, biri sağ qolumdan, biri sol qolumdan, biri də gödəkçənin boyun tərəfindən tutdu. Gördüm ki, cibimə nəsə qoydular. Elə bildim, narkotikdi. İmkan tapıb baxanda gördüm ki, bıçaqdı…”.

Son iki il ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib.

Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarda iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button