Siyasət

Kolumbiyalı jurnalist: “Ermənistan Azərbaycanı 21-ci əsrin ən böyük ekoloji fəlakəti ilə üz-üzə qoyub”

“Ermənistan Azərbaycanı 21-ci əsrin ən böyük ekoloji fəlakəti ilə üz-üzə qoyub, Qarabağda ermənilərin basdırdığı minalar insanları məhv edir”.

Bu sözləri “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycana səfərdən yenicə dönən Kolumbiyanın tanınmış jurnalisti, ölkənin qabaqcıl media qurumlarından olan “Karakol” və “Kanal 1” televizya kanallarının Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri vəzifəsində çalışan Paula Varqas deyib.

“Mənə çox maraqlıdır ki, hər kiçik hadisədə öz aktivliyini nümayiş etdirən, “insan hüquqları” deyən beynəlxalq qurumlar niyə susur və bu cinayətə niyə səssiz qalır? Azərbaycan rəsmilərindən aldığımız məlumatlara görə, müharibədən sonra 300-dən çox dinc sakin minanın qurbanı olub, yüzlərlə insan ağır yaralanıb. Onların arasında jurnalistlər də var. Bölgədə mina ilə ən çox çirklənmiş ərazilərdən biri olan Ağdam rayonunda mütəxəssislər tərəfindən partlayıcıların zərərsizləşdirilməsi prosesi ilə tanış olduq. Mən dəhşət içində baş verənləri izləyirdim. Ermənistan bölgədə elə bir iz buraxıb ki, sanki bu müharibə sonsuza qədər davam edəcək. Çünki minaların yerlərini göstərən xəritələri Azərbaycan tərəfinə verməkdən imtina edib, o dəhşətli minaları məhv etmək üçün uzun illər lazımdır”.

Jurnalist bildirib ki, Qarabağı ziyarət etdikdən sonra əmin olub ki, dünyanın qabaqcıl media qurumlarında münaqişə barəsində yayımlanan xəbərlərin çoxu cəfəngiyyatla doludur:

“Etibarlı mənbə hesab etdiyim qaynaqlardan qeydlər almış, müvafiq qaydada suallar tərtib etmişdim. O məlumatların heç biri işimə yaramadı və səfərin sonuncu günü Azərbaycana getməzdən əvvəl aldığım qeydlərə baxıb utanc hissi keçirdim. Axı niyə media Qarabağda mülki əhaliyə verilən işgəncələrdən və vəhşiliklərdən, yerlə-yeksan edilən yaşayış məntəqələrindən, dağıdılan məzarlıqlardan, məhv edilən tarixi abidələrdən, xarabalığa çevrilən şəhərlərdən danışmır? Düşünürəm ki, həmkarlarımın bir çoxu üçün şəffaflıq, obyektivlik anlayışı sadəcə sözlərdən ibarətdir. Mənimlə bərabər səfərdə iştirak edən amerikalı həmkarlarım da təəccüb içində idilər. Çünki bizə qaranlıq olan bütün məsələlərə aydınlıq gətirdik”.

P.Varqasın fikrincə, ABŞ-dən bölgəyə ezam olunan böyük media qurumlarının nümayəndələrinin paylaşdığı məlumatlar ermənilər tərəfindən təqdim olunur:

“Əgər bir jurnalist Ermənistanın iddilarını qələmə alırsa, Azərbaycan tərəfini də dinləməlidir. Görünən oldur ki, informasiya müharibəsində Azərbaycana qarşı qərəz var. Dünya Azərbaycanda Ermənistanın törətdiyi cinayəti bilməli və Ermənistan cinayətin məsuliyyətini öz üzərinə götürməlidir. Ermənistan özünə tabe etdirdiyi media qurumlarında yalan məlumatlar yaymağı dayandırmalıdır”.

Jurnalist Ağdam, Fuzuli və Şuşa şəhərlərinin necə viran qoyulduğunu öz gözləri ilə gördüyünü vurğulayıb:

“Yol boyu xarabalığa bənzəyən yaşayış məntəqələrini gördük. Mən düşündüm ki, əgər o torpaqlar Ermənistana aid olsaydı, onlar bu əraziləri viran qoymazdı. Onların qəddarlığı bunu deməyə əsas verir ki, ermənilər həmin torpaqları öz sahiblərinə təslim edəcəklərini elə ilk gündən bilirdilər”.

Tanınmış jurnalist bildirib ki, Gəncəyə səfəri zamanı qarşılaşdığı mənzərə onu dəhşətə gətirib: “Gəncə şəhərinə səfərimiz zamanı mənə aydın oldu ki, Ermənistanın niyyəti təkcə ərazi iddiaları və ya hərbi məqsədlər deyildi. Çünki Gəncə şəhərində heç bir hərbi obyekt yox idi və şəhər müharibənin getdiyi ərazilərdən xeyli uzaqda idi. Dinc əhaliyə yatarkən hücum etmək müharibə cinayətidir. Raket zərbəsinin düşdüyü darmadağın olmuş evlər məni dəhşətə gətirdi. Həmin gecənin qurbanları arasında körpə uşaqlar da var. Orada keçirdiyim hissləri təsvir etmək üçün söz tapa bilmirəm”.

P.Varqas bölgədə davam edən yenidənqurma işləri barədə də öz təəsüratlarını paylaşıb: “Azərbaycan hökuməti bütün gücünü bölgəni yenidən dirçəltməyə və insanları öz yurd-yuvalarına qaytarmağa sərfərbər edib. Zəngilan rayonuna səfər zamanı öz evlərinə dönən insanların üzündəki sevinci görmək xoş idi. O qədər ağrı-acıdan sonra Zəngilanda bir qədər sakitləşdim. Ümid edirəm ki, yenidən Azərbaycana səfərim zamanı Qarabağın yeni simasını görəcəyəm”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button