Siyasət

Ailəsi Fazil Qasımovun başına gələnlərdən xəbərsiz olduğunu deyir 

Qardaşı: “Bütün ailəmiz, eləcə də, Fazil həmişə İlham Əliyevi dəstəkləyib”

Bu günlərdə Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilən və avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla haqqında həbs qətimkan tədbiri seçilən alim Fazil Qasımovun ailəsi onun başına gələnlərdən xəbərsiz olduğunu deyir.

Qardaşı Nazim Qasımov avqustun 10-da bununla bağlı açıqlama yayıb.

O deyib ki, Fazil Qasımovun saxlanılmasının da səbəblərini bilmirlər.

Bizim əmin olduğumuz odur ki, bütün ailəmiz, eləcə də, Fazil həmişə dövlətimizin yanında olub, prezidentimiz İlham Əliyevi dəstəkləyib. Hər zaman öz həyatımızda və fəaliyyətimizdə Azərbaycanın qanun və normaları çərçivəsində olmağa çalışmışıq. Heç bir mətbuat nümayəndəsi gözləməsin ki, biz hansısa açıqlamamızda dövlətimizə və onun rəhbərliyinə qarşı hansısa neqativ fikir bildirəcəyik”, – deyə o bildirib.

Nazim Qasımov deyib ki, onlar Kəlbəcərdən məcburi köçkün olublar, uzun müddət Mingəçevirdə yataqxanada məskunlaşıblar.

Onun sözlərinə görə, qardaşı Fazil Qasımov 2007-ci ildə 694 balla universitetə daxil olanda Prezident təqaüdünə layiq görülüb:

Onun sosial şəbəkələrdəki paylaşımlarından da göründüyü kimi, həmişə dövlətimizin siyasətinə dəstək mesajları verib…”.

Qardaşı Fazil Qasımovun qanun pozuntusuna yol verdiyinə inanmadıqlarını deyir.

O əlavə edib ki, heç bir başqa instansiyaya müraciət etmək niyyətində deyillər:

Bizim yeganə ümid yerimiz həmişə olduğu kimi, yenə də dövlətimiz, onun möhtərəm Prezidenti və Azərbaycanın hüquq-mühafizə sistemidir. Heç bir şübhəmiz yoxdur ki, ölkəmizin hüquq-mühafizə orqanları Fazil Qasımovun işi ilə əlaqədar ədalətli qərar çıxaracaq”.

İstanbul Universitetinin doktorantı olan Fazil Qasımova qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 12 günlük həbs qətimkan tədbiri seçilib.

Fazil Qasımovun iyulun 23-dən həbsdə olan London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru, eyni zamanda, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirildiyi bildirilir.

Qubad İbadoğlunun özü də həbs olunmamışdan öncə Türkiyə mətbuatında xəbər yayılmışdı ki, Azərbaycanda FETÖ əməliyyatı keçirilib və biri partiya sədri olmaqla, beş nəfər həbs olunub.

Hətta digər dörd nəfərin adları da açıqlanmışdı. Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Sonradan məlum oldu ki, Qubad İbadoğlu bu dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Qubad İbadoğlu isə bu şəxslərdən heç birini tanımadığını, siyasi sifarişlə həbs olunduğunu bildirib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button