Siyasət

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirilir

Bu il Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirilir.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:

1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;

2. 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

Azərbaycanın Xarici İşlər Nazirliyinə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Astronavtika Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Azərbaycanın Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button