Siyasət

Cənnətə açılan pəncərə, qırxıncı otaq, azan səsi – mədəniyyət paytaxtından REPORTAJ

Uzun müddətdən sonra Şuşa arzum axır ki, reallaşır. Bu, mənim torpaqlarımız azad olunduqdan Şuşaya ilk səfərimdir. Uzun yol gəldikdən sonra cənnət məkana – Şuşaya çatırıq. İlk onu demək istəyirəm ki, Şuşa mübaliğəsiz nağıllar aləminə bənzəyir. Avtobusdan düşən anda Şuşanın mərkəzində yerləşən Yuxarı Gövhər Ağa məscidindən azan səsi eşidilir. Şuşada Azan səsi ilə qarşılanmaq buralara xoş gəlməyimizin ən bariz nümünəsidir.

Cənnətə açılan pəncərə

Buraya gəlməkdə məqsədimiz Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında iştirak etməkdir. İclasın üç saat davam edəcəyi bildirilir. Açığı, sələndirilən “üç saat” ifadəsi mənə olduqca uzun gəlir. Bir an öncə Şuşanı gəzib, bu müqqəddəs torpaqla yaxından tanış olmaq üçün səbirsizlənirəm. Tədbirin keçirildiyi binanın pəncərəsindən ətrafa baxıram. İlahi, Şuşaya açılan pəncərədən görünən mənzərə necə də möhtəşəmdir. Dərindən nəfəs alıb, Şuşanın havasını ciyərlərimə çəkib pəncərəni bağlayıram.

Şuşa şəhərinin biomüxtəlifliyi, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması, buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi, Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və digər bu kimi məsələlərin müzakirə olunduğu iclas üç saat sonra yekunlaşır. Nəhayət, Şuşa gəzintimiz başlayır.

30 illik yara izi və xoşbətliyin “qoxu”su

Şəhər ərazisində “Güllələnmiş heykəllər”in üzərindəki güllə izlərinə diqqətlə baxıram. Bu, həm də bizim 30 illik torpaq həsrətimizin yara izləridir. Şükürlər olsun ki, Üzeyir bəyin (Üzeyir Hacıbəyov) yurdunda yara izlərimizlə bərabər düşmənin ayaq izləri də artıq silinib. Yerində isə Xarıbülbül yenidən çiçəklənib. Quruculuq işlərinin sürətlə getdiyi Şuşada həyat yenidən canlanıb. İnsanların çöhrəsində təbəssüm var. Ətrafdan xoşbəxliyin “qoxu”su gəlir.

Qırxıncı otaq

Xoşbəxtliyin qoxusu demişkən, yavaş-yavaş üzü Cıdır düzünə sarı qalxırıq. Ətrafı Cıdır düzündə bitən çiçəklərin, kəklikotunun qoxusu bürüyüb. “Yəqin ki, nağıllar aləmində sözügedən qırxıncı otaq məhz buradır” deyə düşünürəm. İnsan buradakı gözəlliyə baxmaqdan doymur. Qollarını açıb Şuşanı bağrına basmaq və dua etmək istəyirsən. Düşünürsən ki, başı dumanlı Şuşa dağlarında səmaya ucalan əllər boş geri qayıtmaz. Axı Şuşanın uca dağlarında ucaldılmış əllər Tanrıya daha yaxındır. Ən ali dua və ən böyük təşəkkür isə 44 günlük Vətən müharibəsi dövründə bu dağlara heç yorulmadan, mərd, qəhrəmancasına qalxan döyüşçülərədir: “Allah Ordumuzu qorusun”.

“Gözüm Şuşam”, “Ürəyim Şuşam”…

Əfrafı dolaşıb, şəkillər çəkdirərkən bir xanımın “Gözüm Şuşam”, “Ürəyim Şuşam” deyərək, kəklikotu topladığını görürəm. Xanıma yaxınlaşıram. Lalə Əsədova deyir ki, əslən Şuşalıdır. Həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olub. Ona görə bu torpaqlar onun üçün həm də ziyarətgahdır. Lalə xanımla söhbət edərkən yoldaşlarım məni səsləyir. Artıq qayıtmalı olduğumuz deyilir. Üzümdə kədərli ifadə yaranır. Getmək istəmirəm. Çünki Şuşadan doymamışam. Şuşadan doymaq? Bu, mümkün deyil.

Lalə xanım üz ifadəmi görüb, topladığı kəklikotunu mənə uzadır. Deyir ki, özünlə apar. Şuşa kəklikotusu dərmandır. Yaxınlıqda çiçək toplayan xanım isə əlindəki kiçik dəstəni mənə verərək, “bu da mənim hədiyyəm olsun” deyir. Kəklikotu və çiçəklər üçün xanımlara təşəkkür edir, onlarla, həmçinin Cıdır düzü ilə sağollaşıram. Bizi gətirən avtobusdan son olaraq Şuşa Qalasının yanından keçməsini xahiş edirəm. Jurnalist həmkarlarla birgə Şuşa Qalasının yanında foto çəkdirir, bu səfərimizi də tarixin bir səhifəsinə yazırıq. Azadlığın əbədi, dirçəlişin mübarək olsun, Əziz Şuşa!

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button