Siyasət

Fazil Mustafanın partiyasına da “yox” deyildi

O, siyahı üzərində işləyəcəklərini bildirib

Avqustun 4-də Ədliyyə Nazirliyi Böyük Quruluş Partiyasının üzvlərin sayı ilə bağlı müraciətinə mənfi cavab verib.

Bu barədə Meydan TV-yə partiyanın başqanı, deputat Fazil Mustafa açıqlama verib.

Fazil Mustafa üzvlərin siyahısını iyulun 4-də nazirliyə təqdim etdiklərini deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə 8415 nəfəri əhatə edən siyahı veriblər:

“Onlardan 3012 şəxslə bağlı düzəlişə ehtiyac var ki, daha çox ad, soyad, doğum tarixlərində, yaxud ünvanlarda problemlər var. 1000 nəfərin başqa partiya üzvü olması, 21 nəfərin vəfat etməsi və digər çatışmazlıqlar yer alıb. Yaxın bir ayda siyahı üzərində yenidən iş aparıb təqdim edəcəyik”.

Böyük Quruluş Partiyası 2003-cü ildə Fazil Mustafanın təşəbbüsü ilə təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Ona qədər Fazil Mustafa AXCP və KXCP sədrlərinin müavini olub.

Neçə partiya müraciət edib?

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Ədliyyə Nazirliyi indiyə qədər AXCP, Müsavat, REAL, Ümid, AMİP, AĞ, Ədalət, VHP, BAXCP, Vəhdət, MCP və s. partiyalara mənfi cavab verib.

Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button