Siyasət

Qərbi Azərbaycan Xronikası: 1950-ci ildə Ağzıbir kənd əhalisi məcburən köçürülüb

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, “Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Kəvər (Kamo) rayonunun Ağzıbir kənd sakini Səlvi Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən ailəsinin üzləşdiyi çətinliklərdən danışıb: “Uşaqlıq illərində gəzdiyim yerlər hamısı yadımdadır. Göyçə gölünün ləpələri düz evimizin divarına vururdu. Mən də orada uşaq vaxtı gedib gölməçə düzəldirdim, balaca balıqlardan tutub ora qoyurdum”.

Onun sözlərinə görə, 1950-ci ildə kənd əhalisi məcburən köçürülüb: “Evlərin qabağında əsgərlər və hərbi maşınlar dayanırdı. Bütün hamını yük maşınına doldurdular və İrəvana gətirdilər. Oradan Ağdaşın Aralbir və Xosrov kəndlərinə yolladılar”.

S.Həsənova atasının ermənilər tərəfindən güllələndiyini, bibisinin qaçaqaç vaxtı itkin düşdüyünü, qardaşının isə xəstəxanada öldürüldüyünü söyləyib: “Atam Rəhim kişi ot tayasını yığanda güllə ilə vurmuşdular. Atamı öldürmək, aradan götürmək fikirləri var idi. Amma ot tayası onun həyatını xilas etdi. Bibim də 15-16 yaşında qaçaqaçda itkin düşmüşdü. Atam elə hey ağlayırdı, nə qədər axtardı, bacısını tapa bilmədi. Qardaşım Mehdi İrəvana xəstəxanalara getdi. Onu Şahinyan adlı həkim əməliyyat etdi. Vəziyyəti ağırlaşanda yenidən ikinci əməliyyata götürdülər. Bütün bağırsaqları, daxili orqanlarının hamısı çirk etmişdi. Ondan sonra qardaşıma əlac etmək mümkün olmadı”.

1920-ci ildə qaçaqaç zamanı anasıgil Türkiyəyə sığınaraq 1-2 il orada yaşayıblar: “Sonra biliblər ki, torpaq alındı, yenidən Ağzıbirə qayıdıblar və görüblər ki, ermənilər bütün evləri zəbt ediblər. Yenidən qohumlar araba ilə daş daşıyıb kəndin qırağında ev tikərək orada yaşadılar”.

Kənd sakini Ermənistan Ali Sovetinin sədr müavini işləmiş qardaşı Həbib Həsənovun fəaliyyətindən, 1971-ci ilin fevralında vəfat edən Mehdi Həsənovun və özünün kitablarından da söz açıb.

S.Həsənova sonda Vətən həsrəti ilə yaşadığını, gedib kəndini, ata-anasını, 9 uşaqla bir yerdə böyüdüyü evi görmək istədiyini bildirib: “Bu dəqiqə imkanım olsa, mən quş olaraq gedib o kəndimizi gəzərəm. Mən mütləq gedib oranı görməliyəm. Mənim babalarım, babamın babaları – hamısı Ağzıbirdə basdırılıb. Atamın qəbri qürbətdə qalıb. Onu unuda bilmərəm!”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 4-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button