Siyasət

Ədliyyə Nazirliyi MCP-nin siyahısını da qəbul etmədi

Razi Nurullayevin partiyasına 1 ay vaxt verilib

Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasının (MCP) üzvlərin sayı ilə bağlı təqdim etdiyi müraciətə baxıb.

Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, nazirlik partiyanı qeydə almayıb.

MCP nazirliyə 5396 üzvün məlumatlarını təqdim etdiyini deyir.

Onlardan 845 nəfərin məlumatları düzgün qeyd edilməyib. 90 nəfərin başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 şəxs barədə məlumatların  təkrarlandığı bildirilir”, – deyə mətbuat xidməti qeyd edib.

Nazirlik həmçinin 210 nəfərin partiya üzvü olmadığını deyib:

53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib. Beləliklə, Ədliyyə Nazirliyi partiyanın 3504 üzvünü təsdiq edib”.

Mətbuat xidməti çatışmazlıqların aradan qaldırılması üçün partiyaya bir ay vaxt verildiyini bildirib.

Milli Cəbhə Partiyası

Milli Cəbhə Partiyası 2020-ciildə deputat Razi Nurullayev tərəfindən yaradılıb.

Elə həmin ildə dövlət qeydiyyatına alınıb.

Neçə partiya müraciət edib?

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Ədliyyə Nazirliyi indiyə qədər AXC, Müsavat, REAL, Ümid, AĞ, Ədalət, VHP, BAXCP və s. partiyalara mənfi cavab verib.

Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button