Siyasət

Zaxarova: “Qarabağ sülhməramlılar olmadan yaşaya bilməz”

Deputat avropalı parlamentarilərin mövqeyini ermənipərəst sayır

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin başçısı Marina Kalyirand, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri Andrey Kovaçov və Zelyana Zovko Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər.

Avropalı deputatlar avqustun 1-də acıqlanmış bəyanatda Qarabağda “getdikcə pisləşən humanitar vəziyyətdən” və “Laçın dəhlizinin davam edən blokadasından” dərin narahatlıq ifadə ediblər.

Bəyanatda bildirilir ki, Azərbaycanın bu hərəkəti bu ölkənin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı üzrə götürdüyü öhdəliklərə, BMT beynəlxalq məhkəməsinin 22 fevral 2023-cü ildə qəbul etdiyi və 6 iyul 2023-cü ildə bir daha təsdiqlədiyi qərara ziddir.

Avropa Parlamenti. Foto: shutterstockHadrian

İyulun 31-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Tiny Kox oxşar bəyanatla çıxış etmişdi.

O, Dağlıq Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin daha da pisləşməsini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya göndərməyi xahiş edib:

2022-ci il dekabrın 12-dən etibarən Laçın dəhlizinə sərbəst və təhlükəsiz girişin olmaması səbəbindən ermənilərin yaşadıqları və təsirləndikləri vəziyyəti qiymətləndirmək üçün missiyanın gəlməsi vacibdir”.

Ondan 3 gün öncə isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Qarabağdakı humanitar vəziyyətdən narahatlığını ifadə etmişdi.

Borrel bölgədə tibbi və digər vacib malların çatışmadığını, artıq tükəndiyini qeyd edərək bildirirdi ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyi və azadlığını təmin etməli, böhranın daha da ağırlaşmasıına imkan verməməlidir.

Aİ rəsmisi Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə aldıqlarını deyirdi:

“Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır”.

“Hamıya məlumdur ki, sülhməramlılar mühüm funksiyaları yerinə yetirirlər”

Avqustun 2-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın bir müddət əvvəl açıqlamasına reaksiya verib.

N.Paşinyan demişdi ki, Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsinin konkret məqsədi var:

Bu, mülki əhali arasında kütləvi itkilərin qarşısını almaqdır. Rusiya Dağlıq Qarabağdan çəkilmək qərarına gəlsə, bu, minimum, o deməkdir ki, əhalinin kütləvi ölüm təhlükəsi artıq mövcud deyil”.

Mariya Zaxarova
Foto: Lenta.ru

M.Zaxarova bildirib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın ünvanına səsləndirilən iddialar yersiz görünür.

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması ilə bağlı arqumentlər, xüsusən də indiki son dərəcə çətin humanitar vəziyyət fonunda tamamilə anlaşılmazdır. Qarabağ sülhməramlılar olmadan yaşaya bilməz. Bu, cənab Paşinyanın istəyidir? Hamıya məlumdur ki, sülhməramlılar mühüm funksiyaları yerinə yetirirlər. Doğrudanmı, bu fəaliyyət Ermənistan rəhbərliyi baxımından gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”, – deyə o bildirib.

Azərbaycana deyirlər ki, bizi Qarabağdan çıxarmaq heç bir halda mümkün olmayacaq”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Avropa parlamentarilərinin və Mariya Zaxarovanın fikirlərinə münasibət bildirib.

O deyib ki, avropalı deputatların bəyanatları gözlənilən idi:

Onlar faktaraşdırıcı missiyadan danışırlar, amma 30 ilə yaxın işğal dövründə bir dəfə missiyanı göndərmədilər ki, işğalın nəticələrini qeydə alsınlar. Halbuki Azərbaycan dəfələrlə belə müraciətlər ünvanlayıb. Ona görə də həmin deputatların bəyanatları ermənipərəst mövqedir və bu, sistemli bir çalışmadır. Ermənistan yardım göndərir. Yoxlama olmadan niyə maşınlar ora göndərilməlidir? Həmin maşınlar qida təhlükəsizliyindən və gömrük nəzarətindən keçməlidir. Hansı məhsulların olmasını da Azərbaycan müəyyən etməlidir. Biz bunu deyirik, onlar da imtina edirlər, daha başqa nə edək?  Rəsmi Bakı həmin mövqenin Azərbaycanın suverenliyinə toxunan həddinə qədər səbrlə davranıb”.

Foto: Meydan TV

Fazil Mustafa sual edir ki, niyə Avropalı deputatlar Naxçıvana yolun açılmasına susurlar:

Sadəcə, Azərbaycan tərəfi bu məsələdə bir az ləngidi, Naxçıvana yolun açılmasını gündəmə gətirə bilmədilər. Naxçıvanın blokada şəraitində qalması, Zəngəzur dəhlizinin nə qədər vacib olduğunu göstərə bilmədik. Eyni humanitar böhranı Naxçıvan da yaşayır. Ərzaq haradan gedir, bir təyyarə yolu var. İndi Yerevan imkan verər ki, biz Zəngəzur yoluyla Naxçıvana yük aparaq? Bu sualı onların qarşılarına kəskin şəkildə qoymalıyıq. Biz bu məsələni gündəmə gətirmədiyimizdən, onlara da Laçın yoluna konsentrasiya olmasına imkan veririk. Halbuki paralel götürdükdə Azərbaycanın probleminin daha böyük olduğunu görürük”.

Fazil Mustafa hesab edir ki, Mariya Zaxarovanın açıqlaması həm də Azərbaycana mesajdır:

Azərbaycana da deyirlər ki, bizi Qarabağdan çıxarmaq heç bir halda mümkün olmayacaq. Amma bilməlidirlər ki, orada təhdid yaradacaqlarsa, Azərbaycan bu addımı atmağa məcburdur. Ona görə də Azərbaycanın maraqlarına toxunan addım olacaqsa, hüquqi reaksiya veriləcək”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button