Siyasət

XİN: “İranda saxlanılan tələbənin ittihamı dəyişdirilib”

Nazirlik Fərid Səfərli ilə bağlı iş aparıldığını deyir

Xarici İşlər Nazirliyi (XİN) İranda həbs edilmiş azərbaycanlı tələbənin işi ilə bağlı daim iş apardığını deyir.

XİN bu barədə yaydığı açıqlamada qeyd edir ki, Fərid Səfərlinin aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm onlar, həm də Təbrizdəki Baş konsulluq iş aparır:

“Məsələ ilə bağlı, İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb. Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz Fərid Səfərli ilə görüşlər keçirib, demək olar, gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb”.

Nazirlik bildirir ki, Fərid Səfərlinin hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra, İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluq tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub.

Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib:

Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.”

Foto: XİN

XİN əlavə edir ki, iyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Sonda qeyd olunur ki, Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hazırda iş aparılır.

Avqustun 1-də Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlama yayaraq bildirmişdi ki, oğluna avqustun 3-dək məhkəmədə son söz üçün vaxt verilib.

Ana bildirib ki, Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq.

Onun sözlərinə görə, oğlu son vaxtlar məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır.

Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı var, lakin təmin edilmir:

“Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırlar. Təkcə, Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər. Hələ minnət də qoyurlar ki, öz azərbaycanlımızsan”.

Ana deyir ki, hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi Fəridi çox narahat edir:

“Hər yerdən əli üzüldüyü üçün özüm oğluma bəzi məsləhətlər verdim. Məsələn, Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım ki, altına “başa düşmürəm” yaz, sonra qol çək və s”.

Ana Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasından təəssüflənir.

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.
İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button