Siyasət

İnformasiya müharibəsində Azərbaycan modeli: İlham Əliyev ön cəbhədə savaşır – ŞƏRH

Azərbaycan 44 günlük Vətən müharibəsində misilsiz zəfər qazandı. Təbii ki, bu qələbə güclü ordu və məğrur xalqın birliyi sayəsində mümkün oldu. Lakin dünyada yaşanan müharibə təcrübələri də göstərir ki, praktik müharibə ilə yanaşı, informasiya savaşı da olduqca vacibdir. Necə ki, ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin timsalında bu savaşdan da üzüağ çıxdı. Bununla belə, real müharibənin praktik olaraq bitməsinə baxmayaraq, informasiya müharibəsi hələ də davam edir.

Dünyaca məşhur, yarım milyard izləyici kütləsi olan “Euronews” televiziyasının bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi bu savaşın bitmədiyini bir daha göstərmiş oldu.

İlham Əliyev hər dəfəsində olduğu kimi, bu müsahibə zamanı da öz qəddini qoruyub saxladı. Onun özgüvəni, israrlılığı müxbirin bütün suallarına verdiyi ətraflı cavablar qədər kəsərli idi. Hər bir suala təmkinli, obyektiv və konkret cavablar alan müxbir çıxış yolunu Paşinyanda axtardı. Ona da öz məsuliyyət dairəsinə aid olan suallar ünvanladı. Təbii ki, Azərbaycan liderinin dürüstlüyü qarşısında tab gətirə bilməyən Nikol Paşinyan həmişəki kimi nala-mıxa vurmağa başladı. Müxbirin bəhs etdiyi konkret mövzulardan qaçmağa cəhd edən Paşinyan yenə də öz “havasını çalmağa” çalışdı. İstər 10 noyabr bəyanatı, istər Qarabağ erməniləri, istərsə də Laçın yolu məsələlərində təpədən dırnağa haqsız olduğunu bilə-bilə Paşinyan yenə də öz ampluasında, Azərbaycana qarşı ittihamlar tonunda idi.

Lakin əminliklə söyləmək olar ki, “Euronews”un təqdim etdiyi birgə müsahibəni izləyən, oxuyan milyonlarla insan Azərbaycan Prezidentinin sərgilədiyi obyektiv mövqeni aydın şəkildə sezə bildi. Çünki haqlı tərəf daim başıdik, qürurlu və məğrur dayanır. Necə ki, bütün dünya bir daha “Euronews”un efirində İlham Əliyevin timsalında Azərbaycanın bu məğrur duruşunu görmüş oldu.

Əlbəttə, bu, ilk deyil. Hələ 44 günlük müharibənin gedişində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm də informasiya müharibəsinin ön cəbhəsində savaşırdı. O, 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verdi. Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya anındaca çatdırdı. Bu müsahibələrlə əsl həqiqətlər, ermənilərin müharibə cinayətləri bütün dünya ictimaiyyətinə çılpaqlığı ilə təqdim edildi. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını 3 milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 minə qədər insan isə videomüsahibəni öz səhifəsində paylaşdı.

Azərbaycanın informasiya müharibəsindəki daha bir zəfəri isə ötən ay – iyulun 21-də Şuşada qeydə alındı. Belə ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu öz işinə başladı. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etdi.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edildi. Həmçinin, dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Bütün bunların fonunda isə Forumda ən çox diqqət çəkən məqam Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələrinə müsahibəsi idi. 3 saatdan artıq davam edən müsahibədə Azərbaycan Prezidenti xarici və yerli jurnalistlərinin suallarını ətraflı şəkildə cavablandırdı. Dövlət başçısının 3 saat boyunca bir-birindən fərqli suallara təmkinlə, dözümlə və əsas mətləbdən yayınmadan cavab verməsi Forum iştirakçıları tərəfindən heyrətlə qarşılandı. Əlbəttə ki, zəfər təkcə bu deyildi, zəfər həm də dövlət başçısının Azərbaycanın haqq savaşı ilə bağlı səsləndirdiyi fikirlərin eyni anda dünyanın onlarla media orqanında yayılması idi…

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button