Siyasət

“Meşəlidəki hadisələr digər kəndlərimizdə də törədilib, Ermənistan buna görə cavab verməlidir” – RƏY

“Ermənilər təkcə Meşəlidə deyil, Qarabağın digər kəndlərində, o cümlədən, Malıbəylidə, Quşçularda, Qaradağlıda da oxşar qırğınlar törədiblər”.

Bunu “Report”a açıqlamasında Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev deyib.

O bildirib ki, müvafiq hadisələrlə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb: “İstintaq davam etdirilir və müəyyən nəticələr əldə olunur. Sözsüz ki, Meşəlidə və digər ərazilərdə baş verənlər ciddi hadisələrdir. Bu hadisələrə müvafiq hüquqi qiymət verilməlidir. Beynəlxalq ictimaiyyət sözügedən faciələrə adekvat reaksiya göstərməlidir. Bu cür hadisələrə biganə qalmaq olmaz. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmalıdır”.

A.Quliyevin sözlərinə görə, Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyan da Meşəlidə törədilən cinayətlərin əsas təşkilatçılarından biri olub: “Meşəlidə baş verən cinayətlərdə onun da adı çəkilir. Biz bu məsələni qabartmalı və beynəlxalq ictimaiyyətin qarşısına qoymalıyıq. Elə faktlar ortaya qoyulmalıdır, məsələ elə işıqlandırılmalıdır ki, beynəlxalq ictimaiyyət bizə inansın. Bu cür məsələlərdə mütləq xarici auditoriyanı nəzərə almaq lazımdır. Təkcə daxili auditoriya ilə kifayətlənmək olmaz”.

Qeyd edək ki, V.Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Xatırladaq ki, Meşəli soyqırımı qurbanları bu gün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır:

“İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.

Xaçaturyanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi yoxdur. Biz – Meşəli sakinləri Xocalıya – doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Bizim Xaçaturyan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.

Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük, amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.

Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button