Siyasət

“Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciəti çılpaq həqiqətləri əks etdirir” – RƏY

“Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciəti təkcə bir kəndin deyil, bütövlükdə 90-cı illərdə Azərbaycan xalqının həmin bölgədə yaşayan əhalisinin qarşılaşdığı soyqırımı ilə bağlı bir çağırışdır”.

Bunu “Report”a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, bu çağırış özündə yalnız emosiyaları deyil, real, çılpaq həqiqətləri əks etdirir: “İstər həmin faciə törədilən zaman, istərsə də onun üzərindən 30 ilə yaxın keçən müddətdə özlərini beynəlxalq ictimaiyyət, insan haqlarının müdafiəçiləri, “dünyanın demokratiya mərkəzi” hesab edən dövlətləri Azərbaycan xalqının, onun kəndlərinin, rayonlarının qarşılaşdığı məşəqqətləri, işğal aktını görməzdən gəliblər. Uzun illər həmsədrlik institutu adı altında prosesin uzadılmasına və qeyri-müəyyən bir məcrada davam etməsinə şərait yaradıblar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, eyni zamanda, 30 il əvvəl qarşılaşdığı hərbi cinayətin səbəbkarlarının, iştirakçılarının haqq məhkəməsinə çıxarılması üçün də indiyə qədər müəyyən işlər həyata keçirilib. Bəlkə də bir zamanlar bu hadisələrlə əlaqədar cinayət işləri qaldırılanda insanlarımızda bir ümidsizlik olub ki, həmin cəlladları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq. Lakin bu gün ilahi ədalət öz sözünü deyir və heç kimin təsəvvür etmədiyi mənzərələrlə üz-üzə gəlmişik”.

A.Camal əlavə edib ki, Meşəli cəlladlarından Vaqif Xaçaturyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması və istintaqa cəlb olunması göstərir ki, bu gün həyatda olan hərbi cinayətkarlar bu və ya digər şəkildə haqq divanına çıxarılacaq. Bu baxımdan, Meşəli camaatının beynəlxalq ictimaiyyətə müraciəti həmin dairələr tərəfindən ciddi şəkildə oxunmalı və həmin cinayət məsələlərinə yenidən qayıtmaq lazımdırsa, hüquq-mühafizə orqanları beynəlxalq təşkilatları cinayət işləri ilə əlaqədar toplanmış bütün dəlillərlə tanış edə bilərlər.

Xatırladaq ki, Meşəli soyqırımı qurbanları bu gün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button