Siyasət

Ermənilər Bakının Bratislavadakı görüşdən imtina etdiyini deyirlər

“Rusiya görüşü Yevlaxda və ya Bakıda təşkil etməyə çalışır”

Ermənistan mediası tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinə istinadən rəsmi Bakının onlarla görüşdən imtina etdiyini yazır.

Bu barədə “Dağlıq Qarabağ Respublikası”nın (erməni tərəf Artsax adlandırır) lideri yanında Antiböhran Şurasının sədri Tiqran Petrosyan Ermənistan mediasına danışıb.

O deyib ki, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə avqustun 1-də Bratislavada “Dağlıq Qarabağ”ın erməni icması və Azərbaycan nümayəndələri arasında görüş keçirilməli idi:

“Lakin srağagün Azərbaycan səbəbləri izah etmədən görüşdən imtina etdi”.

Petrosyan qeyd edib ki, Rusiya belə bir görüşü Yevlaxda və ya Bakıda təşkil etməyə çalışır:

“Ancaq orada dialoq ola bilməz, biz orada nələrin müzakirə olunacağını çox gözəl anlayırıq”.

Tiqran Petrosyan. Foto: “aysor.am”

ABŞ və Avropa Sofiyadan başlayaraq görüş təşkil etməyə çalışdılar. Bundan xəbər tutan Rusiya oyuna girdi. Mayın 25-də Moskvada görüş təşkil etdi və bu görüşdə Sergey Lavrov bizi milli azlıqların nümayəndələri adlandırdı ki, bu da qəbuledilməzdir. Belə yanaşma Rusiya hakimiyyətinin real siyasətini göstərir”, – deyə Petrosyan bildirib.

O, görüşün keçirilməsi məsələsini müzakirə etmək üçün sabah və ya ertəsi gün Qərb ölkələrinin nümayəndələrinin Yerevana gələcəyini əlavə edib.

Siyasi şərhçi Şahin Cəfərli bu cür görüşlərin Bakıda keçirilməsini Azərbaycanın maraqlarına uyğun hesab edir.

Ekspert Meydan TV-yə deyib ki, o, Qərbin təklifində təhlükəli bir şey görmür:

“Amma hər halda ölkə xaricində təşkil olunması belə təəssürat yaradar ki, burada iki tərəf var. Yəni bir tərəf Azərbaycan, o biri tərəf Qarabağ. Bu baxımdan Azərbaycan rəhbərliyinin görüşdən imtinasını başa düşürəm və haqlı sayıram. Ona görə hakimiyyət görüşlərin Bakıda, yaxud Yevlaxda, Gəncədə keçirilməsinə çalışmalıdır, təbii ki, Rusiyanın iştirakı olmadan. Burada Rusiyanın da vasitəçiliyinə ehtiyac yoxdur. Çünki Moskvanın problemin həllində qəti maraqlı olmadığı hamıya aydındır. Bu baxımdan ən ideal variant Bakıda Qarabağ ermənilərini qəbul etməkdir”.

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

“Azərbaycan dövləti onları öz vətəndaşı hesab edir və mərkəzi hakimiyyətlə hər hansı icma arasında dialoq məhz ölkənin ərazisində keçirilməlidir. Bu mənada kənar güclərin vasitəçiliyinə də ehtiyac yoxdur. Amma reallıq ondan ibarətdir ki, hazırda Qarabağda Rusiya ordusu mövcud olduğu üçün erməni icması da onların iradəsi çərçivəsində hərəkət edirlər. Belə bir şəraitdə dialoqun baş tutması və məhsuldar olması üçün zəmin görünmür”, – deyə Şahin Cəfərli əlavə edib.

Rusiyanın Yevlaxda görüşün təşkil olunması təklifinə gəlincə, Cəfərlinin sözlərinə görə, Moskva Bakının maraqlarına doğru addım atmaq görüntüsü yaradır:

Ancaq burada da xoş niyyət yoxdur. Bütün hallarda belə bir görüş olacaqsa, Gəncədə və ya Bakıda vasitəçilərsiz keçirilsin. Bu həm də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının başlanılması yönündə mühüm addım olar”.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda bu barədə danışmışdı.

İlham Əliyev Azərbaycanın Qarabağ ermənilərinə görüş üçün təşəbbüs göstərdiyini, ancaq onların imtina etdiyini bildirmişdi:

“Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların, həqiqətən də, bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”.

Meydan TV Azərbaycan Xarici İşlər Nazirliyinə T.Petrosyanın açıqlaması ilə bağlı sorğu göndərsə də, reaksiya verilməyib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button