Siyasət

Yevlax sakini: “Hərbi hospitalda çarpayıya bağmışdılar, gəlib-gedən vururdu…”

Vəli Xəlilov: “Alnıma “klyonka” əridib tökmüşdülər, onun yeridi, əl barmaqlarımda dırnaqlarımı çıxarmışdılar…”

Tərtər hadisələri zamanı – 2017-ci ilin mayında dövlətə xəyanət ittihamıyla həbs olunub, 10 il azadlıqdan məhrum edilmiş,  5 il yarım sonra bəraət alaraq azadlığa çıxmış Yevlax sakini Vəli Xəlilov deyir ki, baş verənlər bütün həyatını darmadağın edib. Onun sözlərinə görə, üstündən 6 ildən çox vaxt keçməsinə baxmayaraq, məruz qaldığı işgəncələrin ağrılarını hələ də hiss edir.

“Aldığım zərbələrdən hansını deyim?”

İndinin özündə də bəzən gecələr ağrıdan yata bilmirəm. Əsəblərim tamam sıradan çıxıb. Canımda taqət yoxdur, ayağım sözümə baxmır, ağır işdə işləyə bilmirəm. Canımın ağrısı, pulsuzluq… Mən həbsdə olanda əmim, anam bu dərdə dözə bilmədi, öldü. Ailəm dağıldı. Aldığım zərbələrin hansını deyim?”, – Vəli Xəlilov danışır.

Onun sözlərinə görə, Tərtər hadisələri baş verəndə cəmi 5 ay idi müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyət göstərirdi, manqa komandiri idi. 11 gün dayanmadan müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Vəli Xəlilov alnında, əl və ayaqlarındakı izləri göstərir:

“Alnıma “klyonka” əridib tökmüşdülər, onun yeridi. Əl barmaqlarımda dırnaqlarımı çıxarmışdılar. Sol qulağım indi də yaxşı eşitmir. Ürəkgetməm olur.  Sol ayağıma elə vurdular, sümüklərim sındı, ayağım partladı, komaya düşdüm. Məni Bakıya – “Papanin” hospitalına apardılar. O boyda işgəncələr, sonra “vətən xaini” damğasıyla 5 il yarım yaşamaq, bu qədər itkilər… Elə şeylər var ki, neyləsən də, onları qaytarmaq olmur”.

“Məni qurbanlıq qoyun kimi ayağımdan üç gün asdılar”

Onun sözlərinə görə, işgəncələr hospitalda da davam edib. “Vətən xaini” kimi təqdim olunduqlarına görə tibb bacıları da daxil olmaqla, gələn-gedən onları döyürmüş:

“Həmin o tibb bacılarının gözünün içinə baxmaq istərdim bu gün. Təsəvvür edin, çarpayıya bağlayıblar, gələn-gedən bir şillə, bir təpik vururdu. Xanlar Vəliyev (Hərbi prokuror), Şəfahət İmranov (müavini), Emin Vəliyev (müstəntiq) cavab verməlidir. Mənə ailəmlə hədə-qorxu gəlirdilər. Məni qurbanlıq qoyun kimi üç gün ayağımdan asılmış vəziyyətdə saxladılar. Üzümə 5 əsgər qoydular ki, guya bunları ermənilərə aparmışam. Onlar da 18-19 yaşlı uşaqlardılar da, nə deyim? Təzyiq göstəriblər, qorxudublar, onlar da canlarının dərdindən belə ifadə veriblər”.

Yadına salır ki, 2017-ci ildə istintaq təcridxanasına köçürüləndə üzərində çoxsaylı xəsarət izləri vardı. Amma ekspertiza o xəsarətlərin həmin dövrdə yox, xeyli əvvəl alınması haqda rəy verib:

 “Guya mən orduda işə başlamamışdan əvvəl almışam. Bu qədər yalan, bu qədər insanlıqdan çıxmaq olmaz axı…”.

“Övladıma niyə “vətən xaininin qızı” deyilməlidir?”

Vəli Xəlilov təəssüflənir ki, işgəncələrə görə hazırda mühakimə olunan şəxslərin məhkəməsinə maddi imkansızlıq üzündən gedə bilmir. Deyir ki, pulu olsaydı, Yevlaxdan gedib-gələ bilsəydi, mütləq həmin məhkəmə iclslarında iştirak edərdi…

Vəli Xəlilov əlavə edib ki, bəraət almasına azadlığa çıxmasından daha çox, üstündəki ləkənin təmizlənməsinə görə sevinir:

“Bu hissi sözlə ifadə etmək mümkün deyil. Mənim bir qızım var. Mənim heç bir günahım olmadığı halda, niyə övladım “vətən xaininin qızı” kimi tanınmalıydı? Şükür ki, bu damğa üstümüzdən götürüldü. İndi əsas tələbim bizim bu vəziyyətə düşməyimizdə əli olan hər kəsin layiqli cəzasını almasıdır. Həm də iş tapmaq istəyirəm”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button