Siyasət

QAİ və Azərbaycanın digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib

Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

“Report” müraciəti təqdim edir: “Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb.

1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə həsrət içində tərk edilmiş qalıb.

Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800 minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş, məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur. Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar vurulmuşdur.

Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000 nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və iztirabların ağrılı bir yaddaşına çevrilmişdir.

Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur.

Ermənistan illər boyu həyasızcasına beynəlxalq hüquq normalarını pozaraq, işğalçılıqdan əl çəkməmiş və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olmuşdur. Ancaq 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti mənfur hücumunu dəf edərək, işğal altındakı ərazilərini azad etdikdən sonra məcburi köçkünlərin evlərinə qayıtmaları üçün nəhayət bir ümid işığı yandı.

Bununla belə, bərpa və reinteqrasiyaya gedən yolda misli görünməmiş çağırışlar və çətinliklərdən qalmaqdadır. Ermənistan bir vaxtlar işğal etdiyi torpaqları qəddar niyyətlə çoxsaylı minalarla çirkləndirərək həmin əraziləri yaşanmaz hala – ölüm tələsinə çevirib. İnsan həyatına açıq-aşkar etinasız yanaşan Ermənistan bu gizli ölüm toxumlarının yerini açıqlamaqdan imtina etməklə beynəlxalq humanitar hüququn qayəsinə zərbə vurur.

Azərbaycanlılara qarşı misli görünməmiş ədalətsizliyə dünya ictimaiyyətinin reaksiyası insan haqları məsələlərinə yanaşmada açıq-aşkar ikili standartlar nümayiş etdirməklə məyusedici olmuşdur. Ermənistanın bədnam əməllərinin ağırlığına baxmayaraq, dünya ictimaiyyəti acınacaqlı vəziyyətdə olan azərbaycanlıların dərdlərinə həmdəm olmamış və onlara layiq olduqları dəstəyi verməmişdir.

Azərbaycan xalqının çəkdiyi böyük iztirablara açıq-aşkar məhəl qoymamaqları ilə bəlli etdikləri kimi, özünü “beynəlxalq ictimaiyyət” adlandıranların selektiv yanaşması qərəz və biganəliyin aydın təzahürüdür. Görünür, onlar məcburi köçkünlük, təqib və qırğınlarla üzləşmiş azərbaycanlıların acınacaqlı taleyini rahatlıqla unutmağa üstünlük verirlər. Əvəzində isə diqqəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin əslində mövcud olmayan və uydurma “potensial” problemlərinə yönəltməyə cəhd göstərirlər.

Narahatlıq yaradan saxtakarlıqlardan biri də keçmişin acı həqiqətlərini qəsdən ört-basdır etməklə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinin sanki müstəsna olaraq ermənilərə aidmiş kimi göstərmək cəhdləridir. Məsələ burasındadır ki, azərbaycanlılar həmin ərazidəki bir çox yaşayış məntəqələrindən, o cümlədən Xankəndidən, Kərkicahandan, Malibəylidən, Qaradağlıdan və Xocalıdan vəhşicəsinə qovulublar. 1992-ci il Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc sakinləri kütləvi şəkildə qətlə yetirdiyi Xocalı qətliamının acı xatirələri yaddaşlarda silinməz izlər buraxıb. Məcburi köçkün azərbaycanlılar həmin yaşayış məntəqələrinə hələ də qayıda bilmirlər. Ermənilər üçün eksklüzivlik mənzərəsi yaratmağa çalışan bu cür aldadıcı bəyanatlar yalnız ədalətsizliyin və bölücü yanaşmanın davam etdirilməsinə xidmət edir.

Bu birtərəfli mövqe ədaləti və insan haqlarını müdafiə etmək iddiasında olanların əsl simasını ifşa edir, çünki onlar azərbaycanlıların hüquq və məşəqqətlərini etnik və dini mülahizələrdən çıxış edərək açıq-aşkar görməməzliyə vururlar.

Belə bir mövqe Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərini, irqi ayrı-seçkiliyini dəstəkləyir, ədalətsizliyin tüğyan etməsinə və Azərbaycan xalqına qarşı zülmün davam etdirilməsinə şərait yaradır.

Bu imtiyazlı münasibətdən cəsarətlənən Ermənistan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu inkar edərək öz təkəbbürünü davam etdirir. Onlar məcburi qovulmanı həyasızcasına “könüllü” adlandıraraq azərbaycanlı qaçqınları Ermənistana geri qayıtmaqla bağlı fundamental hüquqlarından məhrum etməyə əxlaqsızcasına cəhd edirlər. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqdan Ermənistanın israrla imtina etməsi, İcmanın haqlı mübarizəsini “ərazi iddiası” kimi qələmə verməsi bu dövlətin monoetnik siyasətdən əl çəkməməsinə və Ermənistanda dərin kök salmış azərbaycanofobiyaya daha bir narahatedici sübutdur.

Bundan başqa, Ermənistanın “Qarabağ ermənilərinin müstəsnalığı” iddiası problematik və dərin narahatedici bir ideologiya ilə səsləşir. Bu, hamı üçün həyəcan təbili çalan tarixi paralelləri xatırladır. Belə bir təhlükəli yanaşma irqi üstünlüyə və etnik mənsubiyyətə görə başqalarını təcrid etməyə inancı nümayiş etdirir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button