Siyasət

“Tərtər işi”: “Hikmət Həsənov dedi ki, nazir və Baş Qərargah rəisinin göstərişi var, 100 adam ölsə də, davam etməlidir…”

Ali Məhkəmənin hakiminin oğlunun adı işgəncə verənlər arasında çəkilir

2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı həbs olunanlardan bir qrupun məhkəməsində artıq şahidlərin dindirilməsi mərhələsidir. Söhbət 4 nəfərin – N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdan gedir.

Həm bu, həm də Tərtər işi üzrə digər qrupların mühakiməsini Bakı Hərbi Məhkəməsinin hakimləri aparır. Lakin məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Vüsal Ələsgərov və onunla birlikdə mühakimə olunan daha 3 nəfərin məhkəməsinə şahid qismində çağırılan polkovnik Teymur Məmmədov bu məhkəmə prosesində adı ən çox hallanan şəxslərdən biridir. O, şahid qismində dindirilsə də, zərərçəkmişlər onun həbsini tələb edirlər. Elə dindirmə zamanı da bunu dilə gətiriblər. Onlar bildiriblər ki, Teymur Məmmədov işgəncələrdə birbaşa iştirak edib və bunu təsdiqləyən çoxsaylı sübutlar, ifadələr var.

O dövrdə Teymur Məmmədov Tərtərdə hərbi hissə komandiri olub. Onun rəhbərlik etdiyi hərbi hissənin təxminən 130 əsgər və zabiti işgəncəyə məruz qalıb, onlardan 6 nəfər öldürülüb. Zərərçəkmişlər deyir ki, Teymur Məmmədov tabeliyindəki hərbçiləri işgəncə verilən məkana aparıb, ən azı, buna görə məsuliyyət daşıyır. Lakin məsuliyyətdən kənarda qalıb. Hazırda da Laçında hərbi hissələrdən birinə rəhbərlik edir.

İyulun 25-də məhkəmədə dindirmə zamanı Teymur Məmmədovla zərərçəkənlər arasında gərginlik yaşanıb.

Teymur Məmmədov ifadəsində işgəncələrdə iştirakı barədə onun ünvanına səslənən ittihamları qəbul etməyib. O təsdiqləyib ki, tabeliyindəki əsgər və zabitləri Tərtərdəki köhnə hərbi hissə binasına sorğu-sual üçün aparıb, orada həmin hərbçilər işgəncəyə məruz qalıb. Lakin o deyir ki, verilən əmri icra edib:

“Komandirim deyib, mən də eləmişəm. Mən iki nəfərin əmrini icra eləmişəm – korpus komandiri Hikmət Həsənov və korpusun hüquqşünası Fuad Ağayev”.

O əlavə edib ki, Hərbi Prokurorluğun nümayəndələri də hərbçilərə işgəncə verilən köhnə qərargah binasında olub, onlar da orada baş verənləri görüblər.

“Bu adam mənim oğlumun qatilidir”

Tərtər hadisələrində ölənlərdən biri – Elçin Quliyevin hüquqi varisi qismində tanınan anası Validə Əhmədova övladının ölümünə görə Teymur Məmmədovu ittiham edib:

“Hikmət Həsənov mənim oğlumu tanımırdı. Onu niyə çağırmalıydı? Oğlum sənin tabeliyində olub. Oğlumu niyə ora aparmısan? Ya da niyə göndərmisən? Oğluma niyə işgəncə verib öldürmüsən? Bu adam mənim oğlumun qatilidir. Gəlib burada şahid kimi ifadə verir. Mən video görmüşəm, bu adam əlində çubuqla hərbçilərə işgəncə verir…”.

Teymur Məmmədov heç kimə işgəncə vermədiyini, Elçin Quliyevin tabeliyindəki hərbi qulluqçu olmasına baxmayaraq, onu şəxsən tanımadığını bildirib:

“Onu tanımamışam. Deməli, nə pis hərbi qulluqçu olub, nə də yaxşı mənada xüsusi fərqlənib. Bu hadisələrdən sonra adını eşitmişəm. Siyahı verilib, deyilib ki, filankəslər göndərilsin, göndərilib”.

Məhkəmədə daha bir zərərçəkmiş bildirib ki, ona şəxsən Teymur Məmmədov özü işgəncə verib:

“Bunun göstərişilə dırnaqlarımı çıxarmışdılar. Nasif Əliyevin başına tapança ilə vururdu. Bunun yanında adamları butılka ilə zorlayırdılar, tok verirdilər…”.

O isə deyilənləri təkzib edib: “Böhtandır…”

“Cənab general, hamısı xaindi…”

Zərərçəkənlərlə yanaşı, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da Teymur Məmmədovu ittiham edib:

“Mayın 3-4-də “Ural”da bir maşın hərbçi gətirdin, korpus komandirinə dedin ki, “cənab general, hamısı xaindi”. O da qayıtdı ki, “bu qədər xain olar?” İndi gəlib burada qırmızı-qırmızı yalan danışırsan. Nə oldu, hamı günahkar oldu, bircə səndən başqa?! Sən “süddən çıxmış ağ qaşıqsan”. Sənin briqadanda 5-6 ölüm olub, mənim briqadamda isə ölüm olmayıb. Fərqimiz nədədir ki, mən buradayam, sən yox? Gözünün qabağında o qədər qan-qada, sən nə qədər təmiz adam olmusanmış? Özüm də məəttələm sənin qırmızılığına. Yetimi (təqsirləndirilən Rüstəm Ələsgərovu) bura salmısan, heç olmasa, bir siqaret göndərmirsən ona. Bədbəxtin xəstə uşağı qalıb çöllərdə, dərman pulu tapmır. Bu yetimin balasının, zərərçəkənlərin ahı nə vaxtsa səni tutacaq. Mən kiməsə bir şillə vurmuşamsa da, cəzasını ilyarımdır çəkirəm. Sən nələr eləmisən, özün yaxşı bilirsən. Hələ müharibə vaxtı qaçıb gizlənməyini demirəm”.

Teymur Məmmədov ona belə cavab verib:

Vüsal, səninlə fərqimiz bilirsən nədədir? Mənim təmkinli olmağımda…”.

Təqsirləndirilən şəxslərdən Rüstəm Ələsgərov Teymur Məmmədovun komandir olduğu hərbi hissədə kəşfiyyatçı-MAXE olub. Teymur Məmmədov deyir ki, rəhbərlik etdiyi briqadanın kəşfiyyat bölüyündən həmin hadisələr vaxtı 5-6 nəfəri binanın mühafizəsi üçün göndərib. Onlardan biri də Rüstəm Ələsgərov olub. Onun sözlərinə görə, Rüstəmi binanın içində, hərbçilərə işgəncə verən yerdə və s. görməyib. Özü də onun kiməsə işgəncə verdiyinə inanmır.

Onun yanında adamları zorlayıblar, toka veriblər”

Təqsirləndirilən 4 nəfər arasında Rüstəm Ələsgərova qarşı irəli sürülmüş ittihamlar daha ağırdır. O, bir neçə nəfərin döyüb öldürməkdə, intihar həddinə çatdırmaqda ittiham olunur. Rüstəm Ələsgərov isə bildirir ki, bu ittihamların ona heç bir aidiyyəti yoxdur. Kimsəsiz olduğuna görə onu “günah keçisi” tapıblar:

“Yetim adamam, heç kimim yoxdur, ona görə burdayam. Məni həbs eləyəndə günü 20 manata kanalizasiya quyusu qazırdım. Autizm xəstəsi uşağım qalıb, siqaret, geyim tapmıram. Bağrım çatlayır. Oradakı ölümləri mənim üstümə atanların, yazanların Allah balasını öldürsün. Mənim xəbərim olub onlardan? Sizin də indi burada üstünüzdən atmaqla deyil ki?! Bir “KamAz” adam gətirdilər, siz gözümün qabağında əmr elədiniz ki, qaldırın bu qoduqları yuxarı…”.

Zərərçəkmiş Ruslan Məmmədov da əlavə edib ki, şəxsən Teymur Məmmədov özü ona işgəncə verib:

Bu Teymur Məmmədov batinkanı başıma qoyub, təpikləyirdi…”.

Teymur Məmmədov isə ünvanına səslənən bütün ittihamları rədd edib: “Böhtandır…”

Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər bildiriblər ki, Teymur Məmmədovun yanında adamların zorlandığını, toka verildiyini sübut edən videogörüntülər var.

“Lap tutaq ki, siz işgəncələrdə iştirak etməmisiniz. Bəs niyə sizin əsgər və zabitlərinizə qarşı işgəncələrə, onların öldürülməsinə göz yummusunuz? Niyə bu barədə heç bir orqana məlumat verməmisiniz?”, – zərərçəkmişlər ondan soruşub.

Teymur Məmmədov suala belə cavab verib:

Müraciət edə biləcəyim orqanların hamısının nümayəndələri orada idi. Hərbi prokurora deyim ki, belə eləmə, elə elə?”

Teymur Məmmədov dindirilərkən o da aydınlaşıb ki, Tərtərdə 2017-ci ilin mayında işgəncələr baş verən ərəfədə müşavirə keçirilib. Həmin müşavirədə hazırkı Baş Qərargah rəisi Kərim Vəliyev də iştirak edib.

“Düz deyirsən, gərək səni yerində güllələyərdim…”

Daha sonra məhkəmədə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, 2 il yarımdır ehtiyatda olan general-mayor Rasim Əliyev şahid qismində ifadə verib. O iddia edib ki, Tərtərdə baş verən hadisələrdən Müdafiə Nazirliyinin rəhbərliyi məlumatlı olub. Generalın sözlərinə görə, korpus komandiri Hikmət Həsənov ona demişdi ki, bütün proseslər müdafiə naziri Zakir Həsənov və o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovun razılığıyla həyata keçirilir.

Rasim Əliyev ifadəsində bildirib ki, o, Tərtərə 2017-ci il mayın 9-da ezam olunub. Həmin vaxt hadisələr artıq başlamışdı. Ondan əvvəl hazırkı Baş Qərargah rəisi, o dövrdə isə nazirin şəxsi heyət üzrə müavini olan Kərim Vəliyev Tərtərdə olub.

Onun sözlərinə görə, gedəndə orada yüzlərlə işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı hərbçi görüb. Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada olub:

Rauf Kişiyev dedi ki, bunları başa sala bilmirəm ki, belə olmaz”.

Onun sözlərinə görə, Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi. General ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışıb.

Cəfər Seyidov Ali Məhkəmənin hakimi Əziz Seyidovun (keçmiş Bakı şəhər prokuroru) oğludur.

Rasim Əliyev iddia edir ki, işgəncələrə etirazını bildirib. Buna görə Hikmət Həsənovla aralarında narazılıq yaranıb.

“İşgəncələrdə əsas rol oynayanlardan biri korpusun hüquqşünası Fuad Ağayev idi. Ona irad bildirmişdim. O da məndən Hikmət Həsənova şikayət eləmişdi. Hikmət Həsənov zəng eləyib dedi ki, proseslər nazir və Baş Qərargah rəisinin göstərişiylə həyata keçirilir. Lap 100 nəfər ölsə də, araşdırma davam etdirilməlidir. Mənim işimə qarışma”.

Rasim Əliyev vurğulayıb ki, Tərtərdə baş verənlərə müdaxilə etməyə çalışsa da, gücü çatmayıb.

Onun sözlərinə görə, Tərtərə çatanda təqsirləndirilən Vüsal Ələsgərovun bir maşında bir neçə nəfər cırıq paltarlı hərbçini gətirdiyini görüb. Buna görə ona irad da bildirib.

Lakin Vüsal Ələsgərov onun yalan danışdığını, orada olarkən də heç bir tədbir görmədiyini, kimsəyə də heç bir irad bildirmədiyini deyib:

General-mayor deyir ki, “gücüm çatdığı qədər müdaxilə elədim”. Onda niyə o vəzifəni tutmuşdunuz? Raport yazıb, kənara çəkiləydiniz. Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm”.

Rasim Əliyev ona belə cavab qaytarıb: “Düz deyirsən, gərək səni yerində güllələyərdim…”.

“Belə generallara görə həyatım məhv olub, ailəm dağılıb”

Zərərçəkənlər də generalı ittiham edib. Onlar bildirib ki, vaxtında öz səlahiyyətlərindən istifadə edib, hadisələrin qarşısını almaq üçün hansısa addımlar atmalıydı.

Şahid-general bu ittihamlara belə cavab verib:

Bütün rəhbərlik işgəncələrdən xəbərdar idi. Kimə nə deməliydim? Hamı hər şeyi bilirdim. Elə bil, hamı ərik ağacının altında dayanıb, ağacda olanları görür. Onlara deməyə nə ehtiyac var ki, ağacdakı ərikdir?”.

Tərtər hadisələri zamanı həbs olunub, 5 il 6 ay sonra bəraət alaraq azadlığa çıxmış, hazırda zərərçəkmişlər arasında olan Müşfiq Əhmədli tələb edib ki, müdafiə naziri Zakir Həsənov, o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqov məhkəməyə çağırılıb dindirilsin:

“Belə generallara görə mənim həyatım məhv olub. Ailəm dağılıb. Məni vətən xaini hesab edib yoldaşım. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”.

Rasim Əliyevin istintaqa verdiyi ifadə də məhkəmədə elan olunub.

Hikmət Həsənovun ona telefon zəngi, müdafiə naziri və Baş Qərargah rəisindən göstəriş alması, nə qədər ölən olsa belə, dayanmayacaqları, sorğu-sualı və işgəncələri davam etdirəcəkləri barədə istintaqdakı ifadəsini təsdiq edib-etmədiyini vəkillərdən biri ondan soruşub. General-şahid suala belə cavab verib:

Hikmət Həsənov mənə dedi ki, nazir və Baş Qərargah rəisi mənə “dobro” verib. Ölənlər olsa belə, davam edəcək…”.

Rasim Əliyevin ifadəsində də “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov və tabeliyindəki heyətin işgəncələrdə iştirakından bəhs olunub.

Rasim Əliyev istintaqa ifadəsində polkovnik Teymur Məmmədovun işgəncələrdə iştirakını birbaşa özü görməsə də, bu barədə ona məlumat verildiyini də qeyd edib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button