Siyasət

Ermənistan sərhədə humanitar yarım maşınları gətirdi

Hikmət Hacıyev: “Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovluğunda saxlayırlar”

Ermənistandan humanitar yardım daşıyan 19 yük maşınının artıq Azərbaycanla sərhəd kəndə – Kornidzora qədər gəldiyi bildirilir.

Biz onların vasitəçiliyi ilə yüklərin Dağlıq Qarabağa çatdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri ilə əlaqə saxladıq, cavab gözləyirik. Bu proses anlayış və səbir tələb edir. Xəbər olan kimi sizə məlumat verəcəyik”, – “Dağlıq Qarabağ”da humanitar böhranın idarə olunması üzrə işçi qrupunun nümayəndəsi Vardan Sarkisyan PTA-ya müsahibəsində bildirib.

 “News.am” yazır  ki, iyulun 26-da 400 ton ağırlığında ərzaq və zəruri mallar olan 19 yük maşını Kornidzor şəhərinə gedib, oradan Rusiya Federasiyası sülhməramlılarının müşayiəti ilə “Dağlıq Qarabağ” sakinlərinə humanitar yardımın daşınması planlaşdırılır.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Laçın keçid məntəqəsində təxribat hazırladığını bildirir. Bu barədə nazirliyin iyulun 26-da yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Ermənistanı Bakı ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi ərazi bütövlüyü və suverenliyinə qəsd sayılıb:

Ermənistanın Moskvada, o cümlədən, hazırkı vəziyyətlə bağlı ətraflı müzakirələrin aparıldığı danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir.

Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil”.

Foto: XİN

Nazirlik Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürdüyünü xatırladıb:

Bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Yerevan bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil etdiyini bir daha sübut edir”.

Təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. Bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik”,-deyə XİN bəyan edib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra öz “Twitter” hesabından bu barədə paylaşım edib:

Ermənistan tibbi evakuasiya və çatdırılma üçün funksional olan Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

Hikmət Hacıyev
Foto: Azertac

Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatında da bir daha vurğulanıb”.

“Təkcə Laçın yolundan istifadə etməkdə israr edib, Ağdam yolundan imtina etmək, yol kəsmək, siyasiləşdirmək yolverilməzdir. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovluğunda saxlayırlar”, – Hikmət Hacıyev yazıb.

Prezidentin köməkçisi daha sonra bildirir ki, Laçın keçid məntəqəsinə teatr səhnələri və şou kimi yük maşınlarının gətirilməsi əvəzinə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, öz qoşun hissələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimin maliyyələşdirilməsinə son qoymalıdır:

“Bütün qeyri-qanuni qüvvələrin tərksilahı təmin edilməlidir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə olunması və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir. Başqa yol yoxdur! Oyun Bitdi!”.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button