Siyasət

“Qubad İbadoğlunun həbsində Azərbaycan Gənclərinin Təhsil Fondu da rol oynaya bilər”

Hüquq müdafiəçiləri iqtisadçının həbsindən sarsıldıqlarını deyirlər

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun həbsi və ona qarşı irəli sürülən ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmır.

Hökumətə yaxın media dünən, saxlanılmasından sonra, hələ rəsmi ittiham irəli sürülməmiş Q.İbadoğlunun “FETO” ilı əlaqələrindən yazaraq onun tez-tez ABŞ-in Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşlərinin olduğunu vurğulayırdı.

Ancaq iqtisadçının qızı Jalə Bayramova Meydan TV-yə atasının heç vaxt Pensilvaniya ştatına getmədiyini bildirib. O cümlədən, vəkil Zibeydə Sadıqova da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, eləcə də axtarışlar zamanı ADR sədrinə bu mövzuda suallar verilmədiyini söyləyib.

Həmçinin, iyulun 24-də ADR sədrinə irəli sürülən maddədə yazılanlarla bağlı heç nə yox idi. DİN-in məlumatına görə, İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülmüşdü.

Zibeydə Sadıqova isə Meydan TV-yə bildirib ki, ADR sədri həmin pulların ona aidiyyəti olmadığını deyib. Ümumiyyətlə, Qubad İbadoğlu sözügedən mənzilin yalnız sənəd üzərində onun əmlakı olduğunu, uzun müddətdir ora gəlib-getmədiyini bildirib.

Zideydə Sadıqova. Foto: Meydan TV

İyulun 24-də günorta saatlarında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədrinə qarşı irəli sürülən maddə ağırlaşıdırılıb. Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Günün ikinci yarısında Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 4 ay həbs-qəti imkan tədbiri seçib.

Hüquq müdafiəçiləri iqtisadçının həbsindən sarsıldıqlarını deyir

Hüquq müdafiəçisi Arzu Abdullayeva Meydan TV-yə Qubad İbadoğlunun həbsi xəbərindən sarsıldığını deyib:

“Həmişə onun bacarığına və savadına qibtə etmişəm. Belə intellektual və London İqtisad Məktəbində professor kimi çalışan azərbaycanlı o qədər çoxdurmu ki, onu da asanlıqla həbs edirik?! Ona görə də ittihamları qəbul etmirəm”.

Arzu Abdullayeva. Foto: Meydan TV

Arzu Abdullayeva İbadoğlunun həbsini səhv addım hesab edir:

“Ümid edirəm, bu səhv addım aradan qaldırılacaq və hökmü verənlər cəzalanacaq. Qubad bəyin həbsi sıradan bir hadisə olmadığından ölkənin imicinə fəsadları ciddi təsir edəcək”.
“Biz onun müdafiəsinə artıq başlamışıq”,
– deyə hüquq müdafiəçisi fikrini tamamlayıb.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da Qubad İbadoğlunun həbsindən şoka düşdüyünü bildirib.

Səadət Bənənyarlı
Foto: Meydan TV

S.Bənənyarlı iqtisadçının saxta pul satması barədə xəbərə inanmadığını deyib:

“Bu barədə hələ heç nə deyə bilmərəm, çünki şokdayam. İnana bilmirəm ki, Qubad İbadoğlunun saxta pul məsələsində əli olub”.

“Mən uzun illərdir Qubad bəyi tanıyıram, o hara, saxta pul hara?!”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Qubad İbadoğlunun həbsinə münasibətinin pis olduğunu söyləyib:

“Mən inanmıram ki, Qubad İbadoğlu “FETÖ”çulara bağlı olsun. Çünki mənim tanıdığım Qubad bəy ABŞ və Böyük Britaniyanın nüfuzlu universitetlərində dərs deyib, professordur. Başa düşə bilmirəm ki, niyə Qubad bəyi “FETÖ”çulara qatıblar?! O, həm iqtisadçı, həm də siyasətçi kimi sakit adam olub, radikallığı ilə seçilməyib. Həm də “FETÖ”çular Azərbaycanda nə edə bilərlər? Heç nə. Ölkədə elə bir sabitlik havası var ki, pozula bilməz”.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu, Foto: Teleqraf.com

N.Cəfəroğlu Q.İbadoğluya qarşı irəli sürülən ittihama da inanmır:

“Mən uzun illərdir Qubad bəyi tanıyıram, o hara, saxta pul hara?!”

Hüquq müdafiəsi iqtisadçının müdafiəsi üçün işi öyrənəcəklərini deyib:

“Hazırda çaşqın vəziyyətdəyik. Bir daha təkrar edirəm, Qubad İbadoğlunun “FETÖ”ya bağlı olması inandırıcı deyil. Bu adam Böyük Britaniyada dərs deyib, sakit həyat sürürdü, nəyinə lazım saxta pul, yaxud da “FETÖ”?”.

“İşi öyrənəndən sonra Qubad İbadoğlunun müdafiəsi üçün addımlar atılacaq”

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov hələ işlə tam tanış olmadan konkret fikir söyləyə bilməyəcəyini vurğulayıb:

“İlkin məlumatları yaxınlarından alımışam, onlar da narazılıqlarını ifadə ediblər. Adətən, Azərbaycanda fəallara, ictimai xadimlərə ittihamlar irəli sürüləndən sonra məlum olur ki, bunlar əsassız və qanunsuzdur”.

Foto: Rəsul Cəfərovun şəxsi arxivindən

Rəsul Cəfərovun sözlərinə görə, işi öyrənəndən sonra Qubad İbadoğlunun müdafiəsi üçün addımlar atacaq:

“Kimliyindən asılı olmayaraq adam haqsızlıqla üzləşib, qanunu pozublar. Amma işi öyrənəndən və dediklərimə əmin olandan sonra addımlar atacağıq”.

Azərbaycan Gənclərinin Təhsil Fondu iqtisadçının həbsində rol oynaya bilərmi?

Bir sıra ekspertlər Qubad İbadoğlunun həbsini Milli Şuranın sədri, professor Cəmil Həsənli və keçmiş səfir Arif Məmmədovla birgə təsis etdikləri Azərbaycan Gənclərinin Təhsil Fonduyla (AGTF) əlaqələndirirlər.

Ötən ayın sonunda Londonda qeydiyyatdan keçən AGTF-la bağlı Qubad İbadoğlu açıqlama yaymışdı. Deyilirdi ki, fondun maliyyələşməsinə Azərbaycan xalqından və iqtisadiyyatından oğurlanmış, büdcədən talan olunmuş pulların müsadirəsindən də vəsait ayrılması nəzərdə tutulur:

“Bununla əlaqədar olaraq xüsusilə də ABŞ, Aİ və BB-da müvafiq orqanlara müraciətlər planlaşdırılır”.

Fondun təsisçilərindən olan Cəmil Həsənli Qubad İbadoğlunun həbsinin saxta ittihamlar əsasında aparıldığı qənaətindədir. Cəmil Həsənli hesab edir ki, Qubad bəy kimi ziyalıya saxta pul ittihamı irəli sürmək tamamilə cəfəngiyyatdır:

“Görünür, Qubad bəyin ixtisasına uyğun ittiham irəli sürüblər. Eyni dərəcədə vaxtilə Gözəl Bayramlının çantasına 12 min dollar, Əfqan Muxtarlının cibinə 10 min avro atılmasının da məhkəmədə ifşa edilməsinin şahidi olmuşuq. İkincisi, həmin ofisə başqa adamlar da gedir-gəlir, niyə məhz pula görə Qubad bəyi saxlayıblar? Əminlik hardandır ki, saxta pullar ona məxsusdur?”.

“Bu fond gizli olsaydı, qeydiyyatdan keçirilməzdi də”

“Qubad İbadoğlu işıqlı ziyalı olmaqla bərabər dünyanın tanınmış iqtisadçılarındandır. O, istintaqda açıq şəkildə bilavasitə İlham Əliyevin sifarişi ilə saxlanıldığını bəyan edib. Xatırlayırsınızsa, Əliyev bir neçə il əvvəl hökumətin müşavirələrinin birində iqtisadçılara xitabən “xaricdə oturub banlamasınlar” deyə bildirmişdi. Həmin vaxtlar hökumətin iqtisadi siyasətini əsaslı tənqid edən Qubad İbadoğluydu. Ona görə Qubad bəyin İlham Əliyevin şəxsi göstərişi ilə saxta ittihamla saxlanıldığını düşünürəm”,- deyə Həsənli əlavə edib.

Cəmil Həsənli. Foto: Meydan TV

Milli Şura sədri güman edir ki, Qubad İbadoğlunun həbsində Azərbaycan Gənclərinin Təhsil Fondu da rol oynaya bilər:

“Əgər söhbət “FETÖ” və saxta puldan gedirsə, Qubad bəy yalnız bir nəfərin müraciətindəki 1 cümləyə görə saxlanılıb. Amma “FETÖ” məsələsindən sonra İbadoğlu dəfələrlə Azərbaycana gəlib-getsə də, hər hansı problem yaranmayıb. İyunun 27-də Azərbaycan Gənclərinin Təhsil Fondu Londonda qeydiyyatdan keçib. Bu qurum gizli olsaydı, qeydiyyatdan keçirilməzdi də. Məqsəd 15 yaşından 30 yaşına qədər istedadlı gənclərə dəstək verməkdir. Amma Azərbaycan Gənclərinin Təhsil Fondu hakimiyyəti ciddi narahat edirdi. Əgər hakimiyyət əlaltısı olan saytlara diqqət yetirilsə, Azərbaycan Gənclərinin Təhsil Fonduna qarşı sərt təbliğat kampaniyası görünər. Əslində, bu kampaniya İbadoğlunun həbsinə informasiya hazırlığı xarakteri daşıyırdı. Ona görə belə bir fondun yaranması hakimiyyəti qəzəbləndirə bilər”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button