Siyasət

Azərbaycan Xalq Cəbhəsi Partiyası da Ədliyyə Nazirliyindən imtina cavabı alıb

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabını verib. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, partiya təşkilatın 5315 üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda, Ədliyyə Nazirliyindən verilən cavabda bildirilir ki, partiyanın siyahısında 5138 nəfərin adı var.

“Sonra Ədliyyə Nazirliyi qeyd edir ki, guya 2497 nəfərin barəsində məlumatlar düzgün göstərilməyib və buna görə də dəqiqləşdirmə aparılmalıdır”, – Kərimli deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyindən gələn məktubda göstərilir ki, guya Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısından 119 nəfər digər partiyaların üzvüdür, 59 nəfərin adı isə təkrar göstərilib.

Bundan əlavə, Ədliyyə Nazirliyi 609 nəfərin Xalq Cəbhəsi Partiyasının üzvü olmadığına iddia edir.

“Bütün bu iradlar qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı “çatışmazlıqlar” qeyri-dəqiq və mücərrəd xarakterlidir”, – Kərimli qeyd edib.

Ə.Kərimli hesab edir ki, Ədliyyə Nazirliyi Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir.

“Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını Ədliyyə Nazirliyinə deyib, hansı partiya üzvlərinin adı reyestdə təkrarlanıb”, – partiya sədri deyib.

Onun sözlərinə görə,  partiya Ədliyyə Nazirliyinə məktub göndərib detallı və əsaslandırılmış cavab verilməsini istəyəcək.

“Bütün bəhanələri kəsməyə hazırıq. İstəyirlər, partiya üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini də toplayıb  təqdim edək nazirliyə. İstəyirlər, birbaşa toplaşaq nazirliyin qarşısına””, – Kərimli qeyd edib.

O deyib ki,  partiyanın hüquqlarını bərpa etmək üçün bütün hüquqi yollardan istifadə edəcəklər. “Hüquqi yollar tıxananda da siyasi yollar var qarşımızda. Biz hakimiyyətin real müxalifəti məhv etmək, təkpartiyalı sistem yaratmaq siyasətilə barışmayacağıq”, – Kərimli deyib.

Bundan öncə Ədliyyə Nazirliyi analoji səbəblərlə Respublika Alternativi Partiyası və Müsavat Partiyasının sənədlərini geri qaytarıb.

İyulun 18-də nazirlik bəyan edib ki, ən azı 5 min nəfərin partiyalara üzv olmasını tələb edən yeni qanun qüvvəyə mindikdən sonra 31 partiya özünü ləğv etdiyini bildirib.

Digər 28 partiya yenidən qeydiyyat üçün sənədləri təqdim edib.

Yanvarın 11-də qüvvəyə minən partiyalar haqqında yeni qanun bir çox müxalifətyönlü siyasi partiyanın kəskin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, yeni qanun siyasi fəaliyyətin məhdudlaşdırılmasına və müxalifət partiyalarının ləğvinə yönəlib.

Azərbaycanda yerli müstəqil ekspertlər hesab edirlər ki, yeni qəbul edilmiş qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir. Avropa Şurasının Venesiya Komissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu  da bu sənədə mənfi ekspert rəyi veriblər. 

Contact.az

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button