Siyasət

Ararat Mirzoyan: “Azərbaycan özbaşına hərəkət etməməlidir”

Azərbaycan XİN: “Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı özbaşınalıqla ittiham edib.

Bu ittihamı iyulun 18-də erməni nazir Vyanada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşündə səsləndirib.

Ararat Mirzoyan bildirib ki, Azərbaycan özbaşına hərəkət etməməlidir, Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi beynəlxalq mexanizm çərçivəsində həll olunmalıdır.

Nazir iddia edib ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarına məhəl qoymayaraq, Laçın dəhlizini blokadada saxlamaqda davam edir.

A.Mirzoyan XXI əsrdə Avropanın qonşuluğunda növbəti humanitar fəlakətin və Dağlıq Qarabağ əhalisinin etnik təmizlənməsinin qarşısının alınması üçün beynəlxalq aktorların aktiv fəaliyyətinin aktuallığını, mexanizmlərdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın ittihamlarına cavab verib. Nazirliyin Mətbuat İdarəsinin yaydığı məlumatda Ararat Mirzoyanın növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığı qeyd olunub:

““Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir”.

Foto: XİN

Nazirlik xatırladıb ki, Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və bu xoşniyyətli addımlara qarşılıq verilməsi vacibdir:

“Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir”.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir”,-deyə nazirlik vurğulayıb.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button