Siyasət

“CivilNet”in əməkdaşı Xankəndidə polis hücumuna məruz qaldığını deyir

Jurnalistin telefonu əlindən alınıb, aksiyadan çəkdiyi görüntülər silinib

Ermənistanın müstəqil mediasının müxbiri mülki geyimli polis tərəfindən döyüldüyünü iddia edib.

“OC Media” yazır ki, “CivilNet” media qurumunun müxbiri Hayk Qazaryan iyulun 11-də axşam saatlarında Xankəndidə (Stepanakert) hücuma məruz qalıb.

“Bu hadisə həmin jurnalistin telefonunun Stepanakertdə etiraz aksiyasını işıqlandırarkən polis tərəfindən ələ keçirilməsindən iki gün sonra baş verib”, – “OC Media” vurğulayır.

Qazaryan  8 və 9 iyul tarixində rayon prokurorluğuna qarşı aksiyaları çəkib, burada etirazçılarla polis arasında toqquşma yaşanıb.

Aksiya iştirakçıları vəkillərin vətənə xəyanətdə ittiham olunan keçmiş Qırmızı Xaç və Halo Trustilə əməkdaşlıq etmiş Arman İsraelyanı ziyarət  etmələrinə icazə verilməsi tələbi ilə çıxış ediblər.

Bazar günü (9 iyul) baş tutan etiraz aksiyası zamanı polis Qazaryanın telefonuna əl qoyub. “Civilnet”in verdiyi məlumata əsasən, Qazaryan jurnalist nişanı taxdığını söyləsə də, polis onun jurnalist olduğunu bilmədiyini, səbəbinin isə onun nişanının şalvarının rəngi ilə eyni olduğunu qeyd edib.

Yalnız həmin gün tanınmamış “Dağlıq Qarabağ”ın hüquq müdafiəçisi Qeqam Stepanyan məsələyə müdaxilə etdikdən sonra onun telefonu özünə qaytarılıb və aksiyada çəkilmiş bütün videolar silinib.

Jurnalist hadisədən sonra “Facebook”da canlı yayım edərək qeyd edib ki, onun telefonunu götürən məmur “Dağlıq Qarabağın Cinayət Axtarış Şöbəsinin rəisi” Arayik Qasparyan olub. O, polisdən və “Daxili İşlər Nazirliyi”ndən açıqlama tələb edib.

Qazaryan bazar ertəsi günü “Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri” Ararat Melkumyanla görüşə çağırılıb. « CivilNet »in məlumatına əsasən, Melkumyan Qazaryanla “ağır və hədələyici dildə” danışaraq ondan canlı yayımda Daxili İşlər Nazirliyi və MTX rəsmilərindən üzr istəməsini tələb edib.

“Dağlıq Qarabağ”ın insan hüquqları müdafiəçisi isə çərşənbə axşamı bəyanat yayaraq jurnalistin işinə əngəl olunmasını pisləyib, bunu “qəbuledilməz və qınanmalı” bir hadisə adlandırıb.

Hücum xəbəri yayıldıqdan sonra Stepanyan yaydığı ikinci bəyanatda zorakılığı pisləyərək hüquq-mühafizə orqanlarından cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımları atmalarını tələb edib.

Eyni zamanda “CivilNet” “Dağlıq Qarabağ”ın hüquq-mühafizə orqanlarına “qanundan kənara çıxan bu fəaliyyətləri dərhal dayandırmağa” və bunun yerinə regionda davam edən blokada məsələləri ilə məşğul olmasına çağırış edib.

İyulun 12-də  Qazaryan bildirib ki, ona polis yox, məhz “Daxili İşlər Nazirliyi”nin əməkdaşları hücum edib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button