Siyasət

Əliyev Abdullahiyandan səfirliyə hücum edənlərin cəzalandırılmasını istəyib

Nazir  Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvar olduğunu deyib

Prezident İlham Əliyev yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.

Bu barədə dövlət başçısı iyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edərkən deyib.

Nazir Hüseyn Əmir Abdullahiyanı isə hadisənin İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını vurğulayıb.

O,  Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvar olduğunu deyib.

Görüşdə hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb.

Dünən İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi yerli mediaya deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda bir nəfər iştirakçı olub.

O, cinayət işində yekun qərarın Azərbaycan hökumətinin əməkdaşlığı ilə çıxarılacağını vurğulayıb.

Qısa xronika

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.

Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.

Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb. 

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button