Siyasət

Ukraynada azərbaycanlı iş adamı ölümlə təhdid olunur

Ukraynada paytaxt Kiyevdə azərbaycanlılara məxsus restoranda təxribat törədilib, ardınca həmyerlimiz və ailəsinə qarşı kütləvi ölüm təhdidləri başlayıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevin kənarında azərbaycanlı iş adamı Natiq Quliyevə məxsus “Dubrovka” adlı restoranda iyulun 1-i axşam saatlarında yerli sakinlər tərəfindən keçirilən banketdə rusiyalı müğənni Lepsə məxsus, Ukraynada qanunla qadağan olunmuş musiqi səsləndirilib. Ukraynaya qarşı nifrəti ilə seçilən və buna görə bu ölkədə qadağan olunan Lepsin musiqisini isə banket iştirakçısı olan müştərilərin özləri ilə gətirdiyi musiqiçilər səsləndiriblər. Ukraynada gedən müharibənin ilk günündən restoranında musiqi səsləndirməyən və humanitar yardımlarda fəal olan restoran sahibi Natiq Quliyev “Report”a bildirib ki, bunu eşidən kimi obyektinin administratoru ilə birlikdə banket zalına yaxınlaşıb və musiqini dayandırıb, hadisə yerinə polis çağırıb.

“Buna baxmayaraq, həmin axşam başqa naməlum müştəri tərəfindən telefon vasitəsilə lentə alınan bu hadisə tamamilə yanlış istiqamətdə sosial şəbəkələrin yerli seqmentinə ötürülüb. Bu musiqinin guya restoran sahibi olaraq mənim tərəfimdən təşkil olunduğu yanlış olaraq təqdim olunub. Hətta görüntülərdə musiqini səsləndirən xanımın restoranın administratoru olduğu da göstərilib. Halbuki o, administrator yox, müştəridir. Restoranın administratoru Svetlana heç orada olmayıb”, – deyə əlavə edən N.Quliyev bildirib ki, bu hadisədən sonra ona qarşı təhdidlər dayanmır və bunu azərbaycanlıların Ukraynada aktiv fəaliyyətinə qarşı təxribat hesab edir.

Hadisənin ardınca sosial şəbəkələr, telefon zəngləri və digər vasitələrlə ciddi təhdidlərə məruz qalan N.Quliyev kömək üçün müraciət də edib.

Qeyd edək ki, müharibənin ilk günlərindən könüllü yardımların həyata keçirilməsində fəallıq nümayiş etdirən N.Quliyev Ukrayna Silahlı Qüvvələri tərəfindən mükafatlara layiq görülüb.

Ukraynada Azərbaycan diasporunun nümayəndəsi Faiq Quliyev “Report”a bildirib ki, bu hadisə ölkədə yaşayan azərbaycanlıları narahat edir.

“Biz Ukraynada müharibənin ilk günündən humanitar yardımlarda fəalıq. Bunu yerli ukraynalılar da bilir. Bu hadisənin yerli ictimaiyyətə yanlış təqdim olunması bizə qarşı təxribatdır”, – o bildirib.

Hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdik. Səfirliyin müşaviri Sabir Rzayev rəsmi açıqlama verməkdən imtina etsə də bildirib ki, səfirlikdən yalnız bu gün Natiq Quliyevə zəng olunub. Onun nəzərinə çatdırılıb ki, hansısa problem olarsa, səfirliyə müraciət etsin.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button