Siyasət

Covid-19: Tanrı xatirinə, açın yolları…

“Prezidentə məktublar” silsiləsindən

Rövşən Hacıbəyli

Hörmətli cənab Prezident!

Çox düşünüb-daşındıqdan sonra sizə məktub yazmaq qərarına gəldim. Məni sizin ölkədə Covid-19 adlandırsalar da, Azərbaycana 2020-də gəlmişəm, daha doğrusu, gətirilmişəm. Məmurlarınızın tələsinə düşmüşəm. Onları bilmirəm, mən bundan dərin sarsıntı keçirmişəm. Açığı, doğulduğum gündən sizin füsunkar ölkə haqda çox şeylər eşitmişdim, o üzdən anındaca məndə bu diyara gəlmək, buranın adamlarıyla, coxillik prezidentlik təcrübəsi olan sizinlə şəxsən tanış olmaq istəyi yarandı. Çox təəssüf, sizin xalq kimi arzum ürəyimdə qaldı, heç həndəvərinizə yaxınlaşmağa belə imkan vermədilər. Ancaq üzülmədim, incimədim, qızmadım, burda əziz qonaq kimi qarşılanmağım mənə sanki dünyanı vermişdi. Sizinlə görüşə bilməsəm də, el diliylə desək, yenə Allah kasıblara bərəkət versin, onlara qonaq oldum, hamısı qapılarını üzümə taybatay açdı…

İlk çağlar gəlişimdən panikaya düşənlər vardı: xüsusilə sizin məmurlar, asayiş keşikçiləri arasında. Zamanla hər şey yoluna düşdü. Əslində, elə çox da zamana ehtiyac qalmadı, tezliklə sizinkilərlə dil tapdıq. Nə iş oldusa, məni qabağa verdilər, hər şeyi mənim üstümə atdılar, mənim gəlişimdən sonra ölkəyə giriş-çıxışı yasaq etdilər. Ayağım düşərli oldu, heç tanınmayan adamlar hər gün televiziyalara çıxdılar, üzü üzümə, gözü gözümə məndən danışdılar, yamanladılar, ancaq xəlvətə düşəndə inək balasını yalayan kimi əl çəkmədilər məndən, üzdə dediklərinə görə daldada üzr istədilər, xəyal belə etmədiklərinə sahib oldular. Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB, polis məni öz aralarında böldülər sanki. Hələ də özümə gələ bilməmişəm, üstəlik, ilişib qalmışam burda, gedə bilmirəm.

Sizin şair xalqın bununla bağlı bayatısı da var:

Əslim Çin torpaqlıdır,

Sinəm çarpaz dağlıdır,

Nə gələn var, nə gedən,

Məgər yollar bağlıdır?!

Açığı, o bayatını hər eşidəndə kövrəlirəm, elə bilirəm bu ah-nalənin əsl səbəbkarı mənəm, baş götürüb getmək istəyirəm. Ancaq sizin TƏBİB, Operativ Qərargah (polisdən birtəhər qurtulmuşam) əl çəkmir, mənə hələ də ehtiyac olduğunu deyir. Bu qurumun keçmiş rəhbəri Ramin Bayramlı məndən lap möhkəm yapışmışdı, elə bilirdim sevgidəndi, düzü, ancaq siz onu işdən çıxaranda ortada nəsə problem yaşandığını bildim, onun gedişindən xeyli rahatlaşacağımı düşündüm. Elə olmadı, yerinə gələn də onun kimidir, yaxamdan möhkəm yapışıb. Belə başa düşürəm ki, sizdə adamların yerini dəyişəndə heç nə dəyişmir. Biri var, ad çəkmirəm, deyir, problem sistemdədir. Tanrıya and olsun ki, sistemlə bağlı bütün dünyada hər şey eynidir, Dünya Səhiyyə Təşkilatı da təsdiqləyər, şlanqların rəngi müxtəlif ola bilər, tərkib elə sizdəki kimidir… Baxıram, sizdə də təxribatçılar var, belə mənasız fikirlərlə baş qatırlar, suyu bulandırırlar, burda deyirlər e, nə bilim, kiminsə dəyirmanına su tökürlər…Ancaq bu su və dəyirman məsələsinin nə olduğunu burda yaşadığım 4 ildə hələ də anlaya bilməmişəm. Dəyirman hardadısa, orda su da olmalıdır, niyə min bir əziyyətlə burdan su daşısınlar ki suyun bu qıt vaxtında? Biz tərəflərdə kim dəyirman işlədirsə, suyu da özü tapır…

Cənab Prezident!

Mənə də böhtan atır, az aşın duzu olmadığımı deyirlər, üstəlik, şərləyirlər də. Dünənə qədər (25.06.2023) sizin ölkədə hansısa səbəbdən ölən 10 min 282 nəfərin səbəbkarı kimi məni göstərirlər. Bundan vicdan əzabı çəkirəm. Səmimi sözümdür, bura gəlişimə çox peşmanam. Bildiyiniz kimi, əhalisinin sayı sizdən dəfələrlə çox olan bir ölkədən gəlmişəm, Tanrının işidir, bilmirəm hansı günahın sahibiyəm ki, mənə bu zülmləri yaşadır. İki ildir çalışıram, ancaq çıxa bilmirəm burdan, sizin o bayatıda deyildiyi kimi, yollarımı bağlayıblar, kim bilir, bəlkə də, cadu ediblər…

Hələ bura gəlməmişdən də sizin daxili və xarici siyasətinizi dərindən izləyirdim, gələndən sonra, üstəlik, yaxından izləmək imkanı qazandım. Dünyanın heç bir ölkəsində, heç bir liderində bu cəsarət, bu humanizm, bu dəmir yumruq yoxdur. Müdrikliyinizə güvənib bu məktubu sizə yazıram. Cavabsız qoymayacağınıza əminəm, buraxın məni ölkədən, atama lənət bir də buralara üz tutsam. Sizin o Nazirlər Kabinetinin Operativ Qərargahı, TƏBİB, yolların bağlanmasını fürsət bilib Tanrının havasında qiymətləri qaldıran AZAL… Hamısı elədiklərində məni suçlu sayır, bu nə loodu düşmüşəm, İlahi?!

Hörmətli cənab Prezident!

Yadıma düşmüşkən deyim, ilk gəlişimdə bəzilərində mənə qarşı yaranan nifrət sonradan sevgiyə çevrildi. Etiraf edirəm ki, olduğum başqa ölkələrin heç birində bu miqyasda sevgi görmədim. Sizin ölkənin analoqsuzluğunu onda bir daha dərk etdim. Başqa ölkələr məndən mümkün qədər tez can qurtarmağa çalışdıqları halda, siz qucaq açdınız, başıma sığal çəkdiniz, neçə illərin həsrətlisi kimi bağrınıza basıb heç yana buraxmamaq istəyinizi dilə gətirdiniz. Bunları yada salanda indi də kövrəlirəm. Bütün bunlara görə çox sağ olun, burda uzun müddətə qalmağımda əməyi keçən hər kəsə sevgimi və sayğımı bildirirəm, bu yaxşılığı heç vaxt unutmayacam, ancaq getmək istəyirəm, bu ölkədəsə nəyi nə vaxt, necə etməyi yalnız Sizin bildiyinizi deyirlər, Tanrı xatirinə, açın yolları,çıxım gedim…

Qabaqcadan minnətdarlıqla və bir daha hörmətlə, sizin Covid-19.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button