Siyasət

Plakat hazırladığı deyilən Söyüdlü sakini saxlanılıb

Yaxınları Coşqun Musayevlə bağğlı məlumat ala bilmirlər

Söyüdlü kəndinin sakini Coşqun Tapdıq oğlu Musayev iyunun 22-ci gecə saatlarında saxlanılıb. Yaxınları bildirirlər ki, o, axşam saatlarında evindən aparılıb və indiyədək hər hansı məlumat almaq mümkün olmayıb.

DİN bununla bağlı hər hansı aıqlama verməyib.

Adının açıqlanmasını istəməyən kənd sakini Meydan TV-yə bildirib ki, Coşqun Musayevin saxlanılmasına səbəb aksiyadakı plakatları hazırlamasıdır.

“Maşını da elə çöldə qalıb, yeri- yurdu bəlli deyil. Səbəb plakatları düzəltdirməsidir. Əslində normal bir şeydir, cinayət törətməyib ki… Lakin “beşinci kolon”a bağlayırlar, nə bilim ağızlarına gələni danışırlar. Deyirlər, guya çevrilişə cəhd edib. Bu, absurd iddiadır”.

Adamların təşkilatlanmasına gəlincə, kənd sakini bunu belə izah edib:

“Sosial şəbəkədə Söyüdlü kəndi sakinlərinin qrupu var, xeyir-şər işlərinə, kənd yolunun düzəldilməsinə yardımlar yığırıq, problemlər olanda danışırıq. Pandemiyada toplaşıb kasıblara əl tutduq. Bu məsələ də orada müzakirə olundu, plakatlar hazırlandı. Müasir dünyadı, plakat düzəltdirməyə nə var? Adını qoyublar “çevriliş”. Hamısı yalan söhbətdi, Gədəbəydə nə çevriliş?”.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyasında saxlanılan 5 nəfər kənd sakininin hər birinə 20 sutka inzibati həbs cəzası verilib. Onların haqqında həbs qərarlarını Gədəbəy rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb. Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, saxlanılanlar haqqında rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə protokol tərtib olunub. Saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur. Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb.

Ayın 21-də də daha 5 nəfərin saxlanıldığı bildirilir. Daha 1 nəfər isə 1200 manat cərimə edilib.

Saxlanılan kənd sakinləri izahatlarında da deyiblər ki, heç bir qanun pozuntusuna yol verməyiblər. Sadəcə, Söyüdlü kəndində qızıl zavodu üçün ikinci tullantı gölünün inşasına etiraz edirlər. Çünki göl həm təbiətə, həm də sağlamlıqlarına ziyandır.

Saxlanılanlara dövlət hesabına vəkil təyin edilib. O isə məhkəmədə çıxışında kənd sakinləri üçün cərimə cəzası kəsilməsini istəyib.

Lakin hakim Füzuli Mirzəquliyev məhkəmə qarşısına çıxarılmış Söyüdlü sakinlərinin hər birinə 20 gün inzibati həbs cəzası verilməsi haqda qərar çıxarıb.

Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir. Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button