Siyasət

Müharibə başlayandan Ukraynada 9 mindən artıq mülki şəxsin öldüyü bildirilir

Ən çox itki Donetsk və Luqansk vilayətlərində olub

16 aydır ki, sürən Rusiya-Ukrayna müharibəsində 9 mindən artıq mülki ukraynalı həyatını itirib.

On altı minə yaxın dinc sakin isə müxtəlif bədən xəsarətləri alıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı bu barədə hesabat yayıb.

Həmin hesabatda bildirilir ki, mülki əhali arasında ən çox itki Donetsk və Luqansk vilayətlərində olub.

Bu bölgələrin Ukraynanın nəzarətində olan hissələrində 4 min 105 nəfər həlak olub, 5 min 861 nəfər isə yaralanıb.

Həmin vilayətlərin Rusiyanın nəzarətində olan hissəsində isə 718 dinc sakin həlak olub, 2 min 521 nəfərin isə yaralandığı məlumdur.

Təşkilat əslində qurbanların real sayının daha artıq ola biləcəyindən şübhələnir.

Hazırki rəqəmlər sadəcə təsdiqlənmişlərdir.

Daha çox ölüm və yaralanma halı ilə bağlı təsdiqini gözləyən məlumatlar var.

BMT qeyd edir ki, 2022-ci ilin 24 fevralından Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynada 24 862 mülki itki qeydə alınıb.

Onlardan 9 083 nəfəri həlak olub, 15 779 nəfər yaralanıb.

Faktiki rəqəmlər xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi bəzi yerlərdən məlumatların alınması gecikib. Bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir. Bu, məsələn, çoxsaylı mülki əhalinin itkisi ilə bağlı iddiaların olduğu Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Sievierodonetskdədir (Luqansk vilayəti)”, – təşkilat qeyd edib.

Müharibə həmçinin insanların evlərini itirməsinə, ölkəsini tərk etməsinə də səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının illik hesabatına əsasən, 2022-ci ildə dünyada 108,4 milyon insan hərbi münaqişələr, təqiblər, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən ölkələrini tərk etmək məcburiyyətində qalıb.

Təşkilatın hesablamalarına görə, 2023-cü ilin may ayına qədər dünya üzrə qaçqınların sayı 110 milyon nəfərə çatıb.

2022-ci ildə dünya üzrə qaçqınların sayı 20 milyon nəfər artıb.

Bu göstəricinin kəskin artmasının əsas səbəbi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button