Siyasət

Berlində aksiya: “Azərbaycanda həbs edilmiş siyasi məhbusların azadlığı üçün həmrəy olaq”

DAS bu dəfə Almaniyanın Xarici İşlər Nazirliyinin önündə aksiya keçirdi

DAS ( Demokratik Azərbaycan Seç) Təşkilatı Berlində “Almaniyadan deportasiya edilərək Azərbaycanda həbs edilmiş Emin Məlikov və digər siyasi məhbusların azadlığı üçün həmrəy olaq” adlı etiraz aksiyası keçirib.  

Aksiya iyunun 16-da Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə baş tutub.

DAS üzvü Əmrah Verdizadənin Meydan TV-yə verdiyi məlumata görə, məqsədləri dünya ictimayyətinin dəqqətini Azərbaycanda baş verən qanunsuzluqlara çəkməkdir.

“Azərbaycanda avtoritar və ailə rejiminin (Əliyevlər ailəsi) mövcudluğu hamıya məlumdur. Artıq illərdir Beynəlxalq təşkilatların (Amnestey İnternational, Human Rights Watch, Freedom House və s.) hesabatlarında siyasi fəallara, vətəndaş cəmiyyəti aktivlərinə qarşı siyasi təzyiqlərin həyata keçirildiyi qeyd olunur”, – DAS fəalı aksiyada qeyd edib. Onun sözlərinə görə, hesabatlarda dəfələrlə vurğulanır ki, Azərbaycanda təqribən 150-dək, bəzi illərdə isə bundan da artıq siyasi məhbus var.

Mitinqin digər təşkilatçısı DAS təşkilatının üzvü Vuqar Əliyev isə deyib ki, Avropadan Azərbaycana deportasiya edilən və orada həbs olunan, işgəncələrə məruz qalan Mütəllim Orucov, Malik Rzayev, Samir Aşurov, Pünhan Kərimli, Cəfər Mirzəyev, Ziya İbraimov barəsində beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər ünvanlayıblar. Onların bir çoxu artıq məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib. Konkret olaraq Mütəllim Orucov və Malik Rzayevin hər birinə 7il, Cəfər Mirzəyev və Pünhan Kərimlinin isə hər birinə 6 il azadlıqdan məhrum etmə cəzası verilib.

“Hər kəsə məlumdur ki, adları çəkilən şəxslərin hər biri Almaniyadakı siyasi fəaliyyətinə görə həbs edilib. Bununla yanaşı yenə də Almaniyadan deport edilən Samir Aşurovla Anar Əliyevin məhkəmə prosesi keçirilir. Hər iki şəxs də siyasi mövqeyi və fəaliyyətinə görə həbs ediliblər”, – Vüqar Əliyev aksiyada çıxış edərkən deyib.

O, 2022-ci ilin iyul ayında Almaniyadan deportasiya edilən və Azərbaycanda həbs olunan DAS təşkilatının üzvü Emin Məlikov haqqında məlumat verib. Deyib ki, Emin Məlikov Almaniyada, Bavariya əyalətində 2019-2022-ci illərdə yaşayıb, siyasi sığınacaq istəyi rədd edilib və xəstəxanadan birbaşa Azərbaycana deportasiya edilib:

“Emin Məlikov aylarla aldığı işgəncədən olduqca ağır durumdadır və həyati təhlükəsi var. Verilən məlumata görə Emin Məlikovun əqli durumu da yerində deyil. Hazırda Penitensiar Xidmətin Tibb müəssisələrinə köçürülməsinə də imkan yaradılmır. Emin Məlikovun hüquqlarını qoruyan vəkili yoxdur, eyni zamanda siyasi təzyiqlər nəticəsində yaxın qohumları da maraqlanmır”.

“Azərbaycanda fəaliyyət göstərən azsaylı hüquq müdafiə təşkilatlarından aldığımız məlumata görə Emin Məlikov həm Dövlət Təhklükəsizlik Xidmətinin istintaq şöbəsində, həm Daxili İşlər Nazirliyinin istintaq idarələrində, həm də Müvəqqəti Saxlama Təcridxanalarında ağır işgəncələr alıb”, – aksiyada vurğulanıb.

DAS təşkilatının üzvü Rahib Bəxtiyarov aksiyanın sonunda mitinq iştirakçilarının tələblərini səsləndirib və müraciət Almaniyanın Xarici İşlər Nazirliyinə və “Amnesty International” təşkilatının Almaniyadakı nümayəndəliyinə təqdim edilib.

Müraciətdə deyilir:

“Emin Məlikovun və digər siyasi məhbusların dərhal azad edilməsi üçün Azərbaycan hökumətindən tələb edilsin: Emin Məlikova qarşı açılan saxta cinayət işinə son verilsin; Emin Məlikovun dərhal müalicə ilə təmin edilsin; Almaniyadan Azərbaycana deportasiya edilən və orada siyasi sifarişlə həbs edilən bütün mühacir məhbuslar azad edilsin”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button