Siyasət

Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulduğu bildirilir

DSX bir hərbi qulluqçunun yaralandığını deyir

İyunun 15-də saat 08:45-də Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, atəş nəticəsində DSX-nin bir hərbi qulluqçusu yaralanıb.

DSX atəş nöqtəsinin susdurulduğunu deyib:

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Yaralanmış hərbi qulluqçuya ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur”.

DSX təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Ermənistan rəsmi mənbələri atəşkəsin pozulması barədə hər hansı məlumat yaymayıblar.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurduğunu bəyan edib. 

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib və bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar verib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button