Siyasət

“Tərtər işi”ndə zərərçəkənlər aksiyadan sonra polis təzyiqi ilə üzləşdiklərini deyirlər

Etirazçıların evinə polislər gəlir

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncəyə məruz qalmış, hazırda araşdırılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər iyunun 8-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyasına cəhddən sonra təzyiqlərə məruz qaldıqlarını deyirlər. Həmin gün aksiya keçirənlər arasında hadisələr vaxtı özləri işgəncə görən, dövlətə xəyanət və başqa ağır ittihamlarla uzun müddət həbsdə saxlandıqdan sonra bəraət alıb azadlığa çıxan, eləcə də işgəncə nəticəsində övladını itirən şəxslər vardı.

Etirazçılar Tərtər hadisələrində rolu olmuş yüksək vəzifəli şəxslərin, o cümlədən Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun, həmin vaxt həbs olunanların işi üzrə istintaqı aparmış müstəntiqlərin, sonradan hökm çıxarmış və yuxarı instansiyalarda qüvvədə saxlamış hakimlərin cəzalandırılmasını tələb edirlər. Onların daha bir tələbi isə işgəncə nəticəsində ölənlərə şəhid statusunun verilməsidir.

İşgəncə nəticəsində əlil olmuş Vasif Ağayev bildirib ki, aksiyadan sonra Yevlaxda yaşadıqları evə polislər gəlib:

“Anam ağlaya-ağlaya zəng elədi ki, polislər gəlib. Tələb edirlər ki, susun, efirlərə çıxmayın. Mən niyə susum? Prokurorluq bizi qarabaqara izləyir, bəs məni belə zəlil günə qoyan Hikmət Həsənovu, Xanlar Vəliyevi niyə görmür? Görmürlər ki, mən nə vəziyyətdəyəm?”.

İşgəncə nəticəsində həyatını itirmiş Təmkin Quliyevin atası Nizami Quliyev də iyunun 13-də yaşadığı Saray qəsəbəsində polis şöbəsinə aparıldığını və axşama qədər orada saxlandığını deyir. Onun sözlərinə görə, uzun müddət saxlandıqdan sonra gətirilməsinin səbəbini soruşub:

“Məni saat 11 radələrində evdən çıxıb mağazaya gedəndə saxladılar. Biri sahə müvəkkili, biri də cinayət-axtarış idarəsindən idi. Axşama qədər saxladılar, axırda soruşanda deyirlər ki, guya usta işlədiyim yerdə laqonda oğurlanıb. Deyirəm, heç yerdə işləmirəm axı… Aydın məsələdir ki, gözümüzü qorxutmaq üçündür. Çünki o aksiyadan bu yana hər gün zərərçəkənləri ora-bura çağırırlar, deyirlər ki, çıxmayın, danışmayın. Mən uşağımın haqqına necə göz yumum?”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Tərtər işi üzrə zərərçəkmişlərin daxili işlər orqanlarına dəvət olunması profilaktik məqsəd daşıyır: “Hər hansı inzibati tədbir görülmür”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button