Siyasət

İnanclıların məhkəməsindən: “Evlərə Qasım Süleymaninin, Xamneyinin şəkillərini atırdılar”

Bir nəfərə hökm oxundu, daha üç nəfərin məhkəməsi başladı

2023-cü ilin əvvəlindən başlayaraq narkotik ittihamıyla həbs olunan dini inanclı fəalların məhkəmələri gedir.

Martda həbs olunan Masallı sakini Şahin Bağırovun iyunun 12-də artıq məhkəməsi yekunlaşıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il azadlıqdan mərhum edilib.

Şahin Bağırov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur.

“Azyaşlıların iştirakını bəhanə gətirdilər…”

Eyni gündə Bakı Ağır Cinayətlər Məhkəməsində isə ayrı-ayrılıqda üç dini inanclı fəalın işi üzrə məhkəmə prosesi başlayıb. Bunlar Müsəlman Birliyi Hərəkatının üzvü Mail Kərimov, Bəxtiyar Babaşov və Mahir Abdullayevdir.

Mail Kərimov fevralın 2-dən həbsdədir. Hakim Mahmud Ağalarovun sədrliyilə keçirilən məhkəmə prosesində onun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 19-na təyin olunub.

Onun yaxınları Meydan TV-yə bildirib ki, həbsindən bir müddət öncə – yanvarın 13-də
Müsəlman Birliyi Hərəkatının 8 illik yubileyində ailəsi ilə birlikdə iştirak edib. Bundan bir gün sonra o, Xəzər Rayon Polis İdarəsinə çağırılıb:

“Azyaşlıların orada iştirakını bəhanə gətirib, 6 nəfərin, o cümlədən Mail Kərimovun işini məhkəməyə göndəriblər. Onu da məhkəməyə çağırıblar. Fevralın 2-də növbəti dəfə məhkəməyə gedəndə məhkəmə binasının qarşısında polislər onu tutub aparıb. Sonra xəbər tutmuşuq ki, Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə şərləyiblər. Fevralın 7-də evə axtarışa gəliblər. Yoldaşı axtarış prosesini çəkmək istəyib. Çünki o ərəfədə evlərdə axtarış aparılanda Xamneyinin, Qasım Süleymaninin şəkillərinin atılması halları olmuşdu. Amma onun əlindən telefonu almışdılar, çəkməyə qoymamışdılar”.

Ailəsi iki gün onu axtardığını deyir

Bəxtiyar Babaşovun işinə hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Məhkəmədə onun vəkili Bəxtiyar Babaşovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Onun da işi üzrə məhkəmə baxışı iyunun 19-na təyin edilib.

Bəxtiyar Babaşov da martda həbs olunub. O, martın 9-da paytaxtın “Şamaxinka” adlanan ərazisindəki keçiddə saxlanılıb. Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, iki gün onun yeri barədə heç bir məlumat ala bilməyiblər. Vəkil martın 11-də həbs qərarı almaq üçün Nərimanov Rayon Məhkəməsinə gətirildiyini öyrənib.

Bəxtiyar Babaşov əvvəl Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham olunsa da, istintaqın sonunda ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə çevrilib.

Mahir Abdullayevin məhkəməsində də vəkil onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Lakin Leyla Əsgərova-Məmmədivanın sədrlik etdiyi bu məhkəmə prosesində də vəsatət təmin edilməyib. Bu işdə məhkəmə baxışı iyunun 25-nə təyin edilib.
Murad Abdullayev isə martın 10-dan həbsdədir.

Adları çəkilən inanclıların heç biri özünü təqsirli bilmir və şərlənərək həbs olunduqlarını deyirlər.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button