Siyasət

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçiriləcək növbəti danışıqları səbirsizliklə gözləyirik

“Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, razılaşma əldə oluna bilər.

“Əvvəlcə dediyimiz kimi, biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Hesab edirik ki, razılıq əldə edilə bilər. Təəssüf ki, bu görüş (əvvəllər nəzərdə tutulmuşdu – red.) planlaşdırma ilə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, – Miller əlavə edib.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bəyan etmişdi. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button