Siyasət

Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənilib – SORĞU 

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğunu öyrənmək üçün sorğu keçirib.

Mərkəzdən “Report”a qeyd edilib ki, keyfiyyət və məmnunluğun qiymətləndirilməsi məqsədilə müxtəlif alətlərdən istifadə edilib.

Bildirilib ki, qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət əsaslı tədqiqatlardan istifadə olunub.

Göstərilən dövlət xidmətlərinin sayı 1147, o cümlədən elektron xidmətlərin sayı 567-dir. Tədqiqata başlayarkən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin adı qeyd olunub. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar (iqtisadi rayonlar) seçmə çərçivəsinə daxil edilib.

Seçmə ümumölkə miqyasında və ayrı-ayrı parametrik göstəricilər üzrə ehtimallar irəli sürməyə imkan verəcək formada dizayn olunub.

Ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub.

Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib.

Sorğularda 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

Sorğu çərçivəsində müsahibə götürmək üçün ölkə üzrə ümumilikdə 1908 nəfərə müraciət olunub. Onların 1518 nəfəri (76,6%-i) sorğuda iştirak etmək üçün razılıq verib, 390 nəfəri sorğudan imtina edib.

Sorğuda iştirak etməyə razılıq verən şəxslərə (1518 nəfər) “Bu il ərzində dövlət orqanlarına (qurumlarına) hər hansı xidmətdən istifadə etmək üçün müraciət etmisinizmi?” sualı ünvanlanıb.

Onların 29,6%-i (450 nəfər) cari il ərzində dövlət orqanlarının xidmətlərindən istifadə etmək üçün müraciət etmədiyini, 70,4%-i (1068 nəfər) xidmət almaq üçün müraciət etdiyini bildirib.

Yuxarıda da qeyd olunduğu kimi, sosioloji sorğu məhz xidmət almaq üçün müraciət edən şəxslərlə aparılıb. Sosiodemoqrafik məlumatlardan da göründüyü kimi, xidmətdən istifadə etmək üçün müraciət edənlərin gender bölgüsü üzrə 58,0%-i kişi, 42%-i qadın olub.

Yaş qrupları üzrə nəzərdən keçirsək, onların orta yaş qrupları üzrə sayı əsasən bərabər ölçülərdə paylanıb. Belə ki, 15,7%-i 26-35, 22,1%-i 36-45, 22,3%-i 46-55, 24,5%- i 56-65 yaş qruplarına aid respondentlər olub. Həmçinin cəmi 5,9%-i 18-25 yaş qru- punda, 9,5%-i 65 yaşdan yuxarı qrupda olub.

Respondentlərə “Hansı dövlət orqanlarının (qurumlarının) xidmətlərindən istifadə etmisiniz?” sualı ünvanlanıb, onların cari il ərzində istifadə etdiyi, adını şifahi olaraq bildirdiyi xidmətlər və aid olduğu dövlət orqanları intervüyerlər tərəfindən kodlaşdırılıb. Nəticələrin təhlili ölkə üzrə ən çox müraciət olunan dövlət orqanlarını (qurumla- rını) müəyyən etməyə imkan yaradıb. Belə ki, sorğu nəticələrinə əsasən, cari ilin birinci yarısı üzrə ölkə vətəndaşlarının yarısı, yəni 50,3%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 31,5%-i Daxili İşlər Nazirliyinin, 26,1%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə etmək üçün müraciət edib. Bu dövlət orqanları respondentlərin xidmət almaq üçün müraciət siyahısında ilk üçlükdə yer alıb.

Dövlət orqanlarına xidmət almaq üçün müraciət edənləri gender bölgüsü üzrə nəzərdən keçirsək, sorğu iştirakçıları arasında Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən faydalanmaq üçün müraciət edənlərin 83,5%-i, Daxili İşlər Nazirliyi üzrə 74,1%-i, iqtisadiyyat Nazirliyi üzrə 71,2%-i, Ədliyyə Nazirliyi üzrə 66,9%-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 58,8%-i kişilər olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən faydalanmaq Təhsil Nazirliyi üzrə 72,4 faizi qadınlar olub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button