Siyasət

Cahangir Hacıyevlə birlikdə həbs olunan dostları yenidən məhkəmə qarşısında

 Dünyamin Xəlilovla Azad Cavadov yenə Beynəlxalq Bank işinə görə ittiham olunur

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə birlikdə həbs olunan iki dostu yenidən məhkəmə qarşısına çıxarılır. Bunlar keçmiş deputat, “General Construction” şirkətinin rəhbəri Dünyamin Xəlilov və Bakı Fındıq Emalı Zavodunun rəhbəri olmuş Azad Cavadovdur. Onların hər ikisi bundan əvvəl Beynəlxalq Bank işi üzrə məhkum edilib və uzun müddətdir ki, həbsdədir.

Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 12-də yaydığı açıqlamadan məlum olub ki, Dünyamin Xəlilov və Azad Cavadov yenidən Beynəlxalq Bank işiylə əlaqədar mühakimə olunacaq. Onlar bu dəfə bankdan daha 6 milyon 642 min manatlıq yeyinti ittihamıyla Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Prokurorluq iddia edir ki, Dünyamin Xəlilov və Azad Cavadov bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edərək, rəhbərlik etdikləri qurumdakı işçiləri bankın müxtəlif filiallarına göndərib. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilib. Bu yolla bankdan götürülmüş ümumilikdə 6 milyon 642 min manatdan artıq pul isə mənimsənilib.

Dünyamin Xəlilov və Cahangir Hacıyev. Foto: arxiv

Bu cinayət işi üzrə istintaq Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılıb.

Dünyamin Xəlilov və Azad Cavadovun bu ittihama münasibəti məlum deyil. Lakin bundan əvvəlki məhkəmədə ifadə verərkən onlar özlərini təqsirli bilməmişdilər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində onların hər ikisi haqqında ittiham hökmü çıxarılmışdı. Hökmə əsasən, Dünyamin Xəlilov 13 il, Azad Cavadov 11 il azadlıqdan məhrum edilmişdi. Apelyasiya məhkəməsi keçmiş deputatın cəzasını 3 ay azaltmışdı.

2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev 16 il 3 ay azadlıqdan məhrum edilib. O da özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button