Siyasət

Avropa İttifaqı Azərbaycanı islahatlara çağırıb

Təşkilat Ceyhun Bayramovun çıxışı ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasındakı çıxışına bəyanatla cavab verib.

Bəyanatda Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaş adlandırılır və Brüssel xüsusən energetika, islahatlar, ticarət və investisiyalar sahəsində məhsuldar əməkdaşlığın davam etdirilməsində və möhkəmlənməsində maraqlı olduğunu vurğulayır.

İyunun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasındakı çıxışında bildirmişdi ki, Azərbaycan effektiv çoxtərəfliliyin güclü tərəfdarıdır, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlıdır:

Bununla belə, indiki məqamda təşkilat təhlükəsizliyimizə və sabitliyimizə qarşı çoxsaylı risklərə və çağırışlara effektiv cavab verməsini təmin etmək qabiliyyəti, siyasi iradə və institusional potensiala malik deyil. Təşkilat öz aktuallığını qorumaq və sürətlə inkişaf edən mühitə uyğunlaşmaq üçün çevik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları nəticə verə bilər. Köhnə rəvayətlərə və fərziyyələrə sadiq qalmaq faydasızdır və sadəcə, təşkilatı geriyə sürükləyəcək. Bu, təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur”.

Avropa İttifaqının bəyanatında deyilir ki, energetika və rabitəlilik onların İqtisadi və İnvestisiya Planının əsas elementlərini təşkil edir:

Planın məqsədi Azərbaycana 2 milyard avroyadək mühüm dövlət və özəl investisiyaların cəlb olunmasından ibarətdir. Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənara birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır”.

Sənəddə bildirilir ki, müstəqil, stabil və firavan ölkənin təmin olunmasında qanunun aliliyi, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir.

Bəyanatda 22-23 may tarixlərində Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Hüquqları və Demokratiya üzrə Alt Komitənin iclasında Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Avropa İttifaqı standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyi xatırlanıb, təqdir edilib.

Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımların atılmasının vacibliyini qeyd edib və müstəqil şəxslərin davamlı təqib olunmasından narahatlığını ifadə edib.

Avropa İttifaqı Venesiya Komissiyasının 2022-ci il media və siyasi partiyalar haqqında yeni qanunlarla bağlı 2023-cü il rəyini qeyd edib.

Həmin qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə təsir göstərəcəyindən narahatlığını bildirib:

“Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Bakıya dəstək verməyə hazırdır. İttifaqın hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycanın 2022-ci ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbrsizliklə gözləyirik”.

Bundan əlavə, bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunub:

Dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu, belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq. Həmçinin bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”.

Aİ minatəmizləmə fəaliyyətlərinə dəstək təklif etməyə davam edəcək və biz minalanmış ərazilərin müəyyən edilməsi üçün tərəflər arasında əməkdaşlığın vacibliyini vurğulayırıq”, – deyə bəyanat bu fikirlərlə bitir.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button