Siyasət

İlkin Süleymanov 18 il azadlıqdan məhrum edildi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Süleymanov özünü təqsirli bilmir, bu cinayətin onun üzərinə atıldığını bildirir. Onun vəkili Zabil Qəhrəmanov AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.

İyunun 2-də məhkəmədə İlkin Süleymanov son sözünü deyib, ardınca hakimlər hökm üçün müşavirəyə yollanıb.

50-yaşlı Süleymanov deyir ki, heç vaxt ağlına gəlməzdi ki, bu cinayət onun üzərində qala bilər. Onun sözlərinə görə, hadisədən sonra Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli şəxslərinin müdaxiləsi və ardınca dözülməz işgəncələr nəticəsində bu cinayət onun boynuna qoyulub. O, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun, DİN-in idarə rəisi Arzu Daşdəmirovun və digərlərinin adlarını çəkib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, cinayət işində bir tərəfdən Nərmini övladlığa götürmək məqsədilə oğurladığı iddia olunur, digər tərəfdən onun uşağı soyuq otaqda, əl-qolu bağlı vəziyyətdə saxladığı göstərilir:

“Bunu eləmək üçün ya anlaqsız olmalısan, ya da psixi baxımdan problemli. Ekspertiza isə mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Mən o uşağı niyə oğurlamalıydım?”

O, yanmış meyitin Nərmin Quliyevaya aid olması haqda şübhələrini də dilə gətirib. Süleymanov hesab edir ki, azyaşlının ailəsi də onun başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil.

“Ailə eksqumasiyaya (meyitin qəbirdən çıxarılıb ekspertizadan keçirilməsi) qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, yaxınları Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyillər. Əksinə, onların bir mövqeyi var – İlkin tutulub, cəza alsın. Halbuki, üzə çıxartdığımız saxtakarlıqlar ilk növbədə onları maraqlandırmalıdır”, – Süleymanov son sözündə belə deyib.

Amma hakim Dadaş İmanov ona bu istiqamətdə danışmağa imkan verməyib. Ümumiyyətlə, İmanov bir neçə dəfə son sözə müdaxilə edərək, Süleymanovun çıxışını kəsib. Tələb edib ki, konkret şəkildə məhkəmədən xahişini desin.

“Mənim cinayətə aidiyyətim yoxdur. Şərlənərək, heç bir günahım olmadan 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar…” – Süleymanov son sözünü bitirib.

Məhkəmə iclasından sonra Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmə binasının qarşısında qışqıraraq, Süleymanova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib.

Azadlıq radiosu

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button