Siyasət

XİN azərbaycanlılara İrana səyahətlə bağlı növbəti dəfə xəbərdarlıq edib

“Məcburiyyətdən səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə edilir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlılara İrana səyahətlə bağlı növbəti xəbərdarlıq edib.

Bu barədə XİN iyunun 3-də məlumat  yayıb.

Məlumatda bu ilin yanvarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum xatırlanır.

XİN bunu “terror aktı” kimi qeyd edib. Bildirir ki, həmin hücumdan sonra Azərbaycanın İrandakı təmsilçiliyi məhduddur. Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməmək tövsiyə olunur:

“Məcburiyyətdən səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə edilir. Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur”.

Bu, XİN-in bu il Azərbaycan vətəndaşlarına İrana səfərlə bağlı ikinci xəbərdarlığıdır.

 İlin əvvəlində, yanvarda Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub.

Nəticədə bir nəfər yaralanıb, bir nəfər isə ölüb.

Bu səbəbdən yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib. Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.

Həmin vaxt da XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.

Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı “terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərli fevralda İrana səfər edib. Həmin vaxtdan üç aydan uzun müddət boyunca ondan xəbər almaq mümkün olmayıb.

Anası Meydan TV-yə bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

İyunun 1-də isə anası Dilarə Əsgərovaya rəsmi məktub gəlib. Həmin məktubda bildirilir ki, oğlu İranda həbs edilib, ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.  

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button