Siyasət

Eko Parkda “Ironwind” yarışının mətbuat konfransı keçirilib

Bu gün Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda “Ironwind” yarışının mətbuat konfransı keçirilib.

“Report” xəbər verir ki, konfransdan əvvəl idmançılar Pirallahı rayonunda yarışın keçiriləcəyi məkanla tanış olublar. İştirakçılara məşq etmək şəraiti yaradılıb, yarış nömrələri verilib.

Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda təşkil edilən mətbuat konfransında Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti Rüfət Həsənov, idman direktoru Elvin Məmmədxanov, idmançılar və media nümayəndələri iştirak ediblər.

Mətbuat konfransı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarxla başlayıb. Daha sonra ATF-nin idman direktoru çıxış edərək Heydər Əliyev İli çərçivəsində keçirilən yarışlardan, həmçinin Ulu Öndərin idmana olan diqqətindən danışıb.

ATF-nin vitse-prezidenti, “Triterra” triatlon klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov “Ironwind”in açıq turnir olduğunu diqqətə çatdırıb. Ölkə xaricindən təşrif buyurmuş idmançılara yaradılan şərait barədə danışıb. “Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov Distansiyalar haqqında informasiya verib. Mətbuat konfransında iştirakçılara və media nümayəndələrinə yarış haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə 2023-cü il iyunun 4-də Bakının Pirallahı rayonunda yerləşən Nərəkənd parkında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ironwind” açıq turniri keçiriləcək.

Triatlon turnirində 1,9 km məsafəyə üzmə, 90 km məsafəyə velosiped sürmə və 21,1 km məsafəyə qaçış mərhələsi olacaq. Türkiyə, Rusiya, İran, Böyük Britaniya, ABŞ, Kipr, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən idmançıların qoşulacağı yarışda ümumilikdə 100-dən çox iştirakçı qüvvəsini sınayacaq. Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarının da nümayiş üçün dairəvi qaçışı nəzərdə tutulub.

Yarışın qalibləri üçün nəzərdə tutulan pul mükafatlarının məbləği də açıqlanıb. Kişilər və qadınlar arasında 1-ci yerin sahibinə 2000 AZN, 2-ci yeri tutanlara 1000 AZN, finişə 3-cü çatan idmançılara isə 500 AZN, həmçinin sponsorlardan hədiyyələr təqdim olunacaq.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button