Siyasət

Abid Qafarov azadlığa buraxıldı

Vəkil Ali Məhkəməyə kassasiya şikayəti verəcək

 “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarov 10 aylıq həbsdən sonra iyunun 1-də azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsinin hökmüylə ona Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə bəraət verilib, 148-ci maddəsilə isə ona kəsilən 6 aylıq həbs müddəti bitib. Bu səbəbdən də həbsdən buraxılmasına qərar verilib.

İyunun 1-də keçirilən məhkəmə iclasında Abid Qafarov özü iştirak etməyib. Bu səbəbdən o, saxlandığı müəssisədən buraxılacaq.

Abid Qafarovun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

“Çünki onun üzərində Cinayət Məcəlləsinin 148-ci maddəsilə əsassız ittiham saxlandı. Adam 9-10 aydır qanunsuz həbsdədir. Adamın ömrünün bir hissəsi oğurlanıb. Ona görə bu nəticəyə sevinə bilmirəm. Lakin ümid edirəm ki, əvvəl-axır ədalətə nail olacağıq”.

Abid Qafarov 2022-ci ilin iyulunda Yasamal Rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə təqsirli bilinərək, 1 il azadlıqdan məhrum edilmişdi. Hər maddə ilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu. Apelyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı. Lakin Ali Məhkəmə aşağı instansiyanın qərarı ləğv edib, işi təkrar araşdırma üçün apelyasiya məhkəməsinə qaytarıb.

Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb.

Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur:

“Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button