Elmira Axundova səfir vəzifəsindən geri çağırılıb

O, Azərbaycanın Ukraynadakı səfiri idi
Elmira Axundova Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev mayın 23-də sərəncam imzalayıb.
Elmira Axundova 2020-ci ildən Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrini daşıyırdı.
Filologiya elmləri namizədi Elmira Axundova Milli Məclisin III (2005), IV (2010) və V çağırışlarında (2015) deputat olub.
O, 1953-cü ildə Moskva vilayətinin Ramensk rayonunda doğulub.
Bakı Xoreoqrafiya Məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı Texniki Məktəbində stenoqrafiya ixtisasına yiyələnib.
Daha sonra ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elmira Axundova deputat olmazdan əvvəl “Azadlıq” radiosunda çalışıb.
Deputat olduğu dövrlərdə adı müxtəlif qalmaqallarda hallanıb.
2017-ci ilin iyununda E.Axundovanın oğlu Həbib Axundova məxsus yaxtada model Günel Mirzəyeva müəmmalı şəkildə dənizdə boğulub.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Üç gün ərzində fasiləsiz aparılan axtarışlardan sonra G.Mirzəyevanın meyiti sudan tapılaraq ailəsinə verilib.
Eyni zamanda, sabiq deputatın adı 2018-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində adı hallanır.
İyulun 12-də məhkəmədə ifadə verən Fərman Məmmədov bildirib ki, Elnur İbrahimovu deputatın oğlu Həbib Axundovun vasitəsilə tanıyıb, pulu da deputat oğluna verib.
2018-ci ilin avqustunda Binəqədi Rayon Məhkəməsində deputatın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə qərar çıxarılıb.