Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başa çatıb – YENİLƏNİB

Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başa çatıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş bu dəqiqələrdə bitib.
***
17:13
Hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dialoq davam edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.
“Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik. Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək. Bizim vəzifəmiz ikitərəfli görüş üçün platforma təmin etmək idi. Biz öz yanaşmalarımızı qeyd etdik. Ümid edirik ki, bu tədbir Azərbaycan və Ermənistan nazirləri arasında davam edən danışıqlara əməli nəticələr əldə etməyə imkan verəcək. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması səylərinin əsasını təşkil edən bütün üçtərəfli bəyanatların bütün müddəalarını tam şəkildə həyata keçirmək üçün tərəqqiyə kömək etməyə davam edəcəyik”, – Rusiya XİN başçısının şərhində vurğulanıb.